Məhkəmə qərarları › İş №3(044)-691/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-691/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-691/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 07.09.2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 06.09.2021-ci il tarixdə B.Əliyev küçəsində ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis X5 oğlu protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 06.09.2021-ci il tarixdə saat 23:40 radələrində Gəncə şəhəri Bəxtiyar Əliyev küçəsində adı polis əməkdaşlarına sonradan məlum olan Şahid3 avtomobili yüksək surətdə idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb, sənədləri yoxlanılarkən onda sərxoşluq əlamətləri hiss olunmuş, polis əməkdaşları onu sərxoşluq müayinəsinə dəvət edən zaman o, özünü qeyri-səmimi aparmış, polis əməkdaşları ilə münbahisə etmişdir. Həmin vaxt avtomobildəki sərnişin Şəxs da polis əməkdaşları ilə mübahisə etmiş, ucadan nalayiq ifadələr işlədərək səs-küy salmış, onları sakitləşdirməyə çalışan polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini qismən etiraf edərək bildirdi ki, 06.09.2021-ci il tarixdə o, dostu Cavidlə Cavidin atasının avtomobili ilə gedərkən, tanımadıqları küçədə YPX-nin polis əməkdaşları avtomobili onların üzərlərinə sürmüşlər, onlar sənədləri yoxlayanda dostu içkili çıxmış, o, dostunun içkili olduğunu bilməmişdir. Cavid adını sonradan dəyişdiyi üçün şəxsiyyət vəsiqəsində Şahid3dur. Polis əməkdaşları dostu Cavidlə mübahisə edərək Cavidi aparmaq istəyərkən o, polis əməkdaşlarına onun dostunu şöbəyə aparmamaqları üçün qarşı çıxmışdır. Həmin vaxt səs-küy olsa da, o, nalayiq ifadələr işlətməmişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahat verərək bildirmişdir ki, 06.09.2021-ci il tarixdə o, atasına məxsus avtomobillə Tofiqlə birlikdə gedərkən polis əməkdaşları avtomobili onların qabağına verib onları saxlamışlar. Həmin vaxt polislər sənədləri istəmiş, onun sürücülük vəsiqəsi olmamış və içkili olmuşdur. Polis əməkdaşları onu zorla polis şöbəsinə aparmaq istəyəndə, onlar polis əməkdaşları ilə mübahisə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər, BPİ-ni DYP-nın YPX inspektoru, polis baş serjantı Şahid1 bildirdi ki, 06.09.2021-ci il tarixdə saat təxminən 23:40 radələrində Gəncə şəhəri Bəxtiyar Əliyev küçəsində xidmətdə olarkən bir nəfər şəxs yüksək surətlə hərəkət edərək manevr qaydalarını pozub patrul avtomobilinə qəza şəraiti yaratmışdır. Onlar həmin avtomobili saxlatmış və o, vətəndaşa yaxınlaşıb özünü təqdim etmiş və sürücüdən sənədləri istəmişdir. Bu zaman sürücü adı onlara sonradan məlum olan Şahid3 “heç bir sənədim yoxdur” “avtomobil atamındır sürürəm, məni heç kim heçara apara bilməz “demişdir. Sürücüdə sərxoşluq əlaməti hiss olunduğundan onlar onu sərxoşluq müayinəsinə dəvət edən zaman sürücü özünü qeyri səmimi apararaq onlara tabe olmamış və hərəkətlərini davam etdirərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onlar onu bir daha polisin qanuni əmrinə tabe olmağa dəvət edən zaman sürücünün yanında əyləşən sərnişin adı onlara sonradan məlum olan Şəxs də onların işinə müdaxilə edərək onlara maneçilik törətmiş və sürücünu aparmağa qoymayacağını bildirmişdir. Belə olan halda həmin şəxsləri Nizami RPİ-yə gətirərək, növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər, BPİ-ni DYP-nin YPX inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, 06.09.2021-ci il tarixində saat təxminən 23:40 radələrində Gəncə şəhəri Bəxtiyar Əliyev küçəsidə xidmətdə olarkən bir nəfər şəxs yüksək surətlə hərəkət edərək manevr qaydalarını pozub patrul avtomaşınına qəza şəraiti yaratmışdır. Onlar həmin avtomobili saxlatmış və ekipaj yoldaşı vətəndaşa yaxınlaşıb özünü təqdim etmişdir və sürücüdən sənədləri istəmiş bu zaman sürücü adı onlara sonradan məlum olan X3 “heç bir sənədim yoxdur, mən belə sürürəm” demiş.Sürücüdə sərxoşluq əlaməti hiss olunduğundan onlar onu sərxoşluq müayinəsinə dəvət edən zaman sürücü özünü qeyri-səmimi apararaq onlara tabe olmamış və hərəkətlərini davam etdirərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onlar sonunncunu bir daha polisin qanuni əmrinə tabe olmağa dəvət edən zaman sürücünün yanında əyləşən sərnişin, adı onlara sonradan məlum olan Şəxs də onların işlərinə müdaxilə edərək onlara maneçilik törətmiş, ucadan səs-küy salmışlar. Onlar həmin şəxsləri sakitləşdirə bilmədikləri üçün kömək çağırmışlar və gələn polis əməkdaşları ilə birlikdə Tofiqi və dostunu polis idarəsinə gətirmişlər. İş materiallarına əlavə edilmiş 06.09.2021-ci il tarixli protokoldan məlum olur ki, Şəxs 06.09.2021-ci il tarixdə, saat 23:55-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 07.09.2021-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 07.09.2021-ci il tarixdə alkoqol sərxoşluq vəziyyəti olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 06.09.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar