Məhkəmə qərarları › İş №3(044)-693/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-693/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-693/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami rayon Məhkəməsini hakimi Hünmətov Zaur Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən toplanmış material üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)- 531/2014 saylı icra sənədinə əsasən Şəxs 3600 manat aliment borcu var və o icra sənədinin icrasını üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmədən tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o qardaşı ilə birlikdə rayonlar arası nəqliyyat vasitəsində işləyir. Son vaxtlar isə rayonlar arası ictimai nəqliyyat vasitələri işləmədiyindən gəlir əldə edə bilməmiş, bu da onun maddi vəziyyətinə pis təsir etmişdir. Ona görə də alimentin ödənilməsində gecikmələr baş vermişdir. Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və cavabdehin həbs olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını icra işinin materialları, o cümlədən proses iştirakçılarının izahatları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5.mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6.işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7.iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Göründüyü kimi icra məmuru məhkəmə tərəfindən icra sənədini qəbul etdikdən sonra icraata başlamış, bu barədə müvafiq qərarlar qəbul etmiş, həmin hərəkətlər barədə borclu məlumatlandırılmışdır və 2017-ci ildə borclu icrasənədini üzürsüz səbəbdən icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. 2017-ci ildən sonra icra hərəkətləri yenidən davam etdirilmiş¸ borcludan sonuncu izahat xx xxxxxxxx 2019-cu ildə alınmış, o borcunu ödəyəciyini bildirəcəyini qeyd etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək,icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İş materiallarından göründüyü kimi borclu barəsində inzibatyi xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilərkən ondan izahatın alınması təmin edilmədiyindən o Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsindən məhrum edilmişdir. Odur ki, borclunun qeyd edilən hüquqları təmin edilmədən onun barəsində AR İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmədə mahiyyəti üzrə işə baxılması Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq və ədalətlilik prinsiplərinin mahiyyətinə zidd olmuş olardı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsinə görə insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilibedilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.( Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxx 2019-cu il tarixli qərarı) Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati protokol Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalı və qərardadda göstərilən nöqsanlar aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati protokol Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar