Məhkəmə qərarları › İş №3(044)-696/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-696/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-696/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, X5 küçəsi, ev 24-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 09.08.2021-ci il tarixdə, saat 05:00 radələrində Gəncə-Şəmkir yolunda yerləşən “Toyota” avtomobillərinin satışı mağazasının qarşısında sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Mercedes Benz V230” minik markalı, ** EF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən işıqforda hərəkətsiz dayanan “VAZ-21074” markalı avtomobilin arxa hissəsindən vuraraq “VAZ 21074” markalı avtomobilin sürücüsü X1 baldır nahiyəsinin əzilmiş yarası qismində yüngül dərəcəli xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 04.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 09.08.2021-ci il tarixdə, saat 05:00 radələrində Gəncə-Şəmkir yolunda yerləşən “Toyota” avtomobillərinin satışı mağazasının qarşısında sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Mercedes Benz V230” minik markalı, ** EF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən işıqforda hərəkətsiz dayanan “VAZ-21074” markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Baş vermiş hadisə nəticəsində X4 yüngül dərəcəli xəsarət almışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə sərxoşluq müayinəsindən keçmiş və onun sərxoş olmadığı müəyyən olmuşdur. Hazırda əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən barəsində inzibati cərimə növündə inzibati tənbeh növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İşin hallarından görünür ki, təhqiqat zamanı zərərçəkmiş X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və məhkəmə-tibb ekspertizasının 10.08.2021-ci il tarixli, 1337 nömrəli rəyinə əsasən X3 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ baldır nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, tərəflərin təhqiqat zamanı verdikləri və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş izahatları ilə, ekspertiza rəyi və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar