Məhkəmə qərarları › İş №3(044)-718/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-718/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-718/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Samux rayonu, Qovlarsarı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Samux rayonu, Qovlarsarı Ərazi Dairəsi, Qovlarsarı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 21.05.2021-ci il tarixdə, saat 18:00 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus olan “KİA Optima” markalı, ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə Yeni Gəncə qəsəbəsi istiqamətinə düzünə hərəkətdə olarkən H.Ə.Hüseynzadə küçəsinin kəsişməsində işıqforun qırmızı qadağanedici işığında hərəkətini davam etdirib H.Ə.Hüseynzadə küçəsi ilə Nizami Gəncəvi prospekti ilə Mərkəzi Univermaq istiqamətinə düzünə hərəkətdə olan sürücü X1 hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “VAZ- 21074” minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, bundan sonra isə Nizami Gəncəvi prospekti ilə Mərkəzi Univermaq istiqamətinə düzünə hərəkətdə olan X2 hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Daevo Nexio” markalı, ** XC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ-21074” minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X6, döş qəfəsi nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti alması ilə, həmin avtomobildə sərnişin kimi əyləşmiş X7 təpə nahiyəsinin qançırı-şişkinliyi, əzilmiş yarası, sağ baldır nahiyəsinin əzilmiş yarası qismində sağlığa zərər vurmayan xəsarət alması ilə, digər “Daevo Nexio” markalı, ** XC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X5 alt dodağın qançırı-şişkinliyi, sağ diz nahiyəsinin qançırı qismində sağlığa zərər vurmayan xəsarət alması ilə, həmin avtomobildə olan sərnişin X4 isə qaraciyərin parenxima daxili qansızması, təpə, alın, sağ said nahiyələrinin yaraları, sağ said nahiyəsinin sıyrığı qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 15.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ona məxsus olan “KİA Optima” minik markalı, ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomoili təxminən bir ildir ki, idarə edir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və hadisə baş verən gün spirtli içki qəbul etməmişdir. 21.05.2021-ci il tarixdə təxminən saat 18 radələrində özünə məxsus olan həmin avtomobili ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə üzü Yeni Gəncə istiqamətində hərəkət edən zaman avtomobildə tək olmuşdur. Həmin vaxt Gəncə şəhəri 6 saylı orta məktəbin yanında olan işıqforun sarı işığının yanıb söndüyünü, artıq qırmızı işığın yanacağını görmüş və yol ayrıcını tez keçmək üçün sürəti artırmış, bu zaman sağ tərəfdən hərəkətdə olan “VAZ-21074” minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətə başlamış və o, həmin avtomobillə toqquşandan sonra qarşıda dayanmış olan “Daevo Nexio” markalı, ** XC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Daha sonra avtomobildən düşmüş və “Daevo Nexio” markalı, ** XC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan şəxsləri düşürərək dərhal TTYX-na məlumat vermişdir. Hazırda əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən barəsində inzibati cərimə növündə inzibati tənbeh növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və araşdırma aparılması barədə qərar qəbul edilmişdir. İşin hallarından görünür ki, zərərçəkmiş X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və məhkəmə-tibb ekspertizasının 25.05.2021-ci il tarixli 755 nömrəli rəyinə əsasən, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- təpə nahiyəsinin qançırı-şişkinliyi, əzilmiş yarası, sağ baldır nahiyəsinin əzilmiş yarası-bərk küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilməmişdir. İşin hallarından görünür ki, zərərçəkmiş X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və məhkəmə-tibb ekspertizasının 25.05.2021-ci il tarixli 754 nömrəli rəyinə əsasən, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsi nahiyəsinin yumşaq toxumalarının meotoma halında əzilməsi- -bərk küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngünl zərər vurmaya aid edilir. İşin hallarından görünür ki, zərərçəkmiş X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və məhkəmə-tibb ekspertizasının 25.05.2021-ci il tarixli 748 nömrəli rəyinə əsasən, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərqaraciyərin parenxima daxili qansızına, təpə, alın, sağ said nahiyələrinin yaraları, sağ said nahiyəsinin sıyrığı- bərk küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, tərəflərin Gəncə şəhər Prokurorluğunda inzibati xəta haqqında iş üzrə icraat başlanılarkən verdikləri və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş izahatları ilə, ekspertiza rəyi və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar