Məhkəmə qərarları › İş №3(044)-722/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-722/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-722/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Rostov Seliski rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)-2186/2019 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada əsas borc üzrə 9577.42 manat, faiz borcu üzrə 1387.5 manat, cəmi 10964.92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)-2186/2019 saylı icra sənədinə əsasən 10964.92 manat pul məbləğinin tələbkar "xxxx" ASC-yə ödənilməsi tələb edilsə də, o, borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Şəxs və X1 müştərək qaydada 10964.92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulub "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilmişdir. Lakin tələb Şəxs tərəfindən könüllü olaraq təmin edilməmişdir. Belə ki, Şəxs oğlu borcunu ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)- 2186/2019 saylı icra sənədi digər borclu X3 tərəfindən icra edilməkdədir. Qeyd etdiklərinə əsasən hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)-2186/2019 saylı icra sənədinə əsasən ondan və X1 müştərək qaydada 10964 manat məbləğində pul vəsaitinin tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Tələbkar "xxxx" ASC-yə icra sənədinə əsasən ödənilməli olan borcundan 500 (beş yüz) manat ödəniş etmişdir. İcra sənədi üzrə qalan borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Qeyd edilən halı nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Həmçinin onu da qeyd eir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)-2186/2019 saylı icra sənədi digər borclu X3 tərəfindən icra edilməkdədir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi və borclu X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə "xxxx" ASC-nin nümayəndəsinin və borclu X2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)-2186/2019 saylı icra sənədinin surətindən müəyyən olunur ki, Şəxs və X1 müştərək qaydada 10964.92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “İcraata başlamaq haqqında” 15 avqust 2019-cu il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)-2186/2019 saylı icra vərəqəsi Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan 15.08.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin 13.09.2019-cu il tarixli, 07.04.2021-ci il tarixli məktublardan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan "xxxx" ASC-yə ödənilmiş 31632 nömrəli qəbzdən görünür ki, Şəxs 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim etdiyi 31632 nömrəli qəbzlə "xxxx" ASC-yə olan borcundan 500 (beş yüz) manat ödəniş etdiyini, qalan borcunu hissə-hissə ödəyəcəyinə söz verdiyini bildirmiş, həmçinin işin hallarından göründüyü kimi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)-2186/2019 saylı icra sənədi digər borclu X3 tərəfindən icra edilməkdədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə borcundan 500 manat ödəniş etmişdir. Həmçinin icra sənədi digər borclu X3 tərəfindən də hazırda icra edilməkdədir. Göründüyü kimi, Şəxs əməlində icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi və yaxud əməlin qərəzli törədilməsi müəyyən edilməmişdir, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(044)-2186/2019 saylı icra sənədinin digər borclu X3 tərəfindən icra edilməkdə olduğu müəyyən edilmişdir. Beləliklə də, qeyd edilənlər Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin olmadığını təsdiq edir, buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar