Məhkəmə qərarları › İş №3(044)-73/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-73/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-73/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol müdafiə edən şəxs izahat verərək bildirmişdir ki, 06.04.2016-cı il tarixli qərarla icraata başlanılmış Göygöl Rayon Məhkəməsinin 2(066)-119/2016 nömrəli, 07 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 07 dekabr 2015-ci il tarixdən başlayaraq 02 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs bugünədək cəmi 765 manat məbləğində aliment ödəyib və qalıq borcu cəmi 5005 manat təşkil edir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, borclu borcundan heç bir ödəniş etmir, sonuncu dəfə o, 120 manat ödəniş etmişdir. Hazırda borcun 200 manat ödəyib qalanını isə hər ay 200 manat olmaqla hissə-hissə ödəməsinə razı olduğunu, əks təqdirdə məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. O, fəhlə işləyir günə 20-30 manat qazancı ya olur, ya olmur. Onun imkanı olarsa ayda 100 manat ödəyə bilər, çünki valideynləri də onun himayəsindədir. Odur ki, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 26 yanvar 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-119/2016 saylı, 07.01.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs alimenti ödəməkdən yayınır. - Göygöl Rayon Məhkəməsinin 07.01.2016-cı il tarixli 2(066)-119/2016 saylı icra vərəqəsindən görünür ki, 02 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə hər ay sabit məbləğdə 70 manat aliment tutulması, 02 oktyabr 2014-cü il təvəllüdlü X6 3 yaşına çatana kimi cavabdeh Şəxs iddiaçı X3 xeyrinə hər ay sabit məbləğdə 30 manat aliment tutulması qət edilmişdir. - 06 aprel 2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru X8 06 aprel 2016-cı il tarixdə Göygöl Rayon Məhkəməsinin 07.01.2016-cı il tarixli 2(066)-119/2016 saylı icra sənədini icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri İcra İdarəsi tərəfindən Şəxs Göygöl Rayon Məhkəməsinin 07.01.2016-cı il tarixli 2(066)-119/2016 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə Gəncə şəhər Məşğulluq İdarəsində qeydiyyatdan keçərək işə qəbul olunma barədə arayış təqdim etməsi təklif olunmuş, əks təqdirdə, Gəncə şəhər Məşğulluq İdarəsinə müraciət etmədiyi halda, alimentin ödənilməsindən qərəzəli olaraq boyun qaçırmaq kimi qiymətləndiriləcəyi barədə xəbərdar edilmişdir. - Şəxs Göygöl Rayon Məhkəməsinin 07.01.2016-cı il tarixli 2(066)-119/2016 saylı icra vərəqəsinin icra olunması barədə 25 aprel 2016-cı il tarixdə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin 24 may 2017-ci il tarixli sonuncu xəbərdarlıq məktubundan görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 07.01.2016-cı il tarixli 2(066)-119/2016 saylı icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Şəxs 24.05.2017-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, müəyyən qədər ödənişlər edərək məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Bu onu göstərir ki, borclu maddi imkanının olmadığını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 26.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə görə maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərilmiş 2 saat hüquqi yardıma görə müdafiəçi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 1 saatı 6 manat olmaqla, cəmi 12 (on iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 26.01.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 12 (on iki) manat məbləğində pul ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar