Məhkəmə qərarları › İş №3(044)-735/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-735/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-735/2021 24.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində tərtib edilmiş 23 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. Məhkəmə yuxarıda sadalanan qanunun tələblərini rəhbər tutaraq qeyd edir ki, 23 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adı, soyadı, atasının adı yazılsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar, o cümlədən onun fərdi identifikasiya nömrəsi göstərilməmiş, bundan başqa, həmin inzibati xəta haqqında protokolda zərər çəkmiş şəxs haqqında məlumatlar, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə uyğun olaraq onun yaşadığı yerin ünvanı və ya digər hər hansı məlumatlar göstərilməmiş və ümumiyyətlə zərərçəkmiş şəxsin şəxsiyyətini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.9-cu maddəsinə uyğun olaraq inzibati xətanın törədilməsi nəticəsində şəxsə hansı məbləğdə maddi zərər dəyməsi barədə qeydlər göstərilməmişdir. İnzibati xətalar haqqında işlərə baxılarkən həll edilən məsələlərdən biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında göstərilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsindən daxil olmuş 23 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar