Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-738/2021 27.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTBnin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 6, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20.09.2021-ci il tarixdə saat 11 radələrində Daşkəsən rayonu, Şadax kəndində yaşayan X2 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Sevimli” marketin qarşısında saxladığı “UAZ” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonundan 140 manat nəğd pulu gizli yolla oğurlayaraq talamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 27 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir. Ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkir. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. 20.09.2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində hərəkətdə olan zaman həmin qəsəbədə yerləşən “Sevimli” marketin qarşısında saxlanılmış “UAZ” markalı avtomobilin olmasını görmüş və ətrafda heç kimin olmaması onun diqqətini çəkmişdir. O, avtomobilə yaxınlaşaraq salonda olan 140 manat pulu götürərək oradan uzaqlaşmışdır. Həmin pul ilə öz ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda imkanı olmadığından zərərçəkmiş şəxsə zərəri ödəməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirir və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 bildirdi ki, Şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Daşkəsən rayonu, Şadax kəndində yaşayan X2 məxsus “UAZ” markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən 140 manat nəğd pulu oğurlamışdır. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, toplanmış materiallar üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20.09.2021-ci il tarixdə saat 11 radələrində Daşkəsən rayonu, Şadax kəndində yaşayan X2 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Sevimli” marketin qarşısında saxladığı “UAZ” markalı, **- BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonundan 140 manat nəğd pulu gizli yolla oğurlayaraq talamışdır. Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 26 sentyabr 2021-ci il tarixli BB seriyalı ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 sentyabr 2021-ci il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 sentyabr 2021-ci il tarixdən saat 09:00-dan hesablansın. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-738/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-738/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver