Məhkəmə qərarları › İş №3(044)-75/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-75/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-75/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, tərcüməçi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işinin materialları ilə birlikdə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-183/2021 saylı 02.02.2021-ci il tarixli icra sənədinə əsasən, 751 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs2 və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-278/2021 saylı 01.10.2021-ci il tarixli icra sənədinə əsasən, 3500 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq 30.03.2021-ci və 03.11.2021-ci il tarixlərdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Bundan sonra borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş və borcunu ödəməsi tələb olunmuşdur. Lakin icraat dövründə borclu hər iki icra sənədləri üzrə ümumi borcundan heç bir ödəniş etməmiş və borcu ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, maddi vəziyyəti ilə əlaqədar hazırda Zərərçəkmiş şəxs2 300 manat ödəməyə imkanı çatır, sonucuya qalan 451 manat borcu da hissə-hissə ödəyəcəkdir. O, Zərərçəkmiş şəxs1la danışaraq sonuncuya olan borcunu hissə-hissə ödəmək barədə razılaşmışlar. O, hazırda reklam şirkətində işləyir və aylıq 250 manat maaş alır. Sonda o, məhkəmə qərarına və icra məmurunun tələblərinə hörmətlə yanaşdığını və onların icrasından boyun qaçırmadığını nəzərə almaqla inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 izahat verərək borclu Şəxs ona olan borcunu tam tələb etdiyini bildirmiş, borclu barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 izahat verərək borclu Şəxs ilə borcun hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəldiklərini bildirmiş, borclu barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, Şəxs tərəfindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-183/2021 saylı 02.02.2021-ci il tarixli və 2(044)-2780/2021 saylı 01.10.2021-ci il tarixli icra vərəqələrinin üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki o, Zərərçəkmiş şəxs2 olan 721 manat borcundan 300 manatını ödəmiş, Zərərçəkmiş şəxs1la borcun hissə-hissə ödənilməsi barədə aralarında razılığa gəlmişdir. Bundan başqa Şəxs “Akkurt Haydar” şirkətində rekalm mütəxəssisi işləyərək ayda 250 manat əmək haqqı alır, icra məmuru onun borclarını əmək haqqına yönəltməklə də icra vərəqələrinin icrasını təmin edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İcra məmuru Şəxs təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 26.01.2022-ci il tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar