Məhkəmə qərarları › İş №3(044)-756/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-756/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-756/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olan və Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 04.10.2021-ci il tarixdə saat 21:40 radələrində “Leon” çay evinin qarşısında ucadan səs-küy salıb nalayiq ifadələr işlətdiyinə görə polis əməkdaşları tərəfindən onun barəsində protokol tərtib edilməsi üçün Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə dəvət edilmiş, lakin Şəxs öz narazılığını bildirərək və ucadan səs-küy salaraq Polis İdarəsinə getməkdən imtina etmiş və bununla da polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 04.10.2021-ci il tarixdə içkili olduğu üçün ona yaxın olan dostu avtomobilini idarə edən zaman Yeni Gəncə qəsəbəsində “Mercedes” markalı avtomobillə toqquşmuşlar. Orada qarşı tərəflə söhbət edən zaman post patrul xidmətinin əməkdaşları hadisə yerinə gələrək onu Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə aparıblar. Həmin vaxt o, əsəbi olduğundan düşünmədən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Həqiqətən də polis işçisinin qanuni tələblərinə tabe olmadığının məsuliyyətsiz hərəkətlər olduğunu dərk edir, hazırda etmiş olduğu əməldən peşman olduğunu bildirir və bir daha bu cür hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 protokolda göstərilən xüsusatları təsdiq edərək barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri, polis serjantı X4 göstərmişdir ki, 04.10.2021-ci il tarixdə saat 21:40 radələrində 3-7 marşrututda xidmətdə olduqları zaman Yeni Gəncə qəsəbəsində yerləşən “Leon” çay evinin qarşısında yüngül avto-qəza olduğunu görmüş və dərhal ekipajı X6 ilə birlikdə ora yaxınlaşmışlar. Yaxınlaşan zaman dərhal yol patrul xidmətini çağırmışlar. Orada olduqları zaman “Vaz-2107” markalı avtomobilin sürücüsünün digər avtomobil sürücüsünə hədə-qorxu gələrək danışdığını görüblər. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Dəfələrlə nizam-intizama dəvət etmişlər. Şəxs onların qanuni tələbinə məhəl qoymaraq qəsdən tabe olmamışdır. Bu səbəbdən biz onun barəsində protokol tərtib edilməsi üçün Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə dəvət etmişlər. Lakin Şəxs ucadan səs-küy salaraq öz narazılığını bildirərək ətrafdan keçən şəxslərin diqqətini özünə cəlb etmiş və Polis Bölməsinə getməkdən imtina etmişdir. Sonra Şəxs Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri, polis serjantı X6 eyni məzmunlu izahat verərək X2 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, şahidlərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında iştirak edən şahidlərin izahatı və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs 04.10.2021-ci il tarixdə saat 21:40 radələrində “Leon” çay evinin qarşısında ucadan səsküy salıb nalayiq ifadələr işlətdiyinə görə polis əməkdaşları tərəfindən onun barəsində protokol tərtib edilməsi üçün Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə dəvət edilmiş, lakin Şəxs öz narazılığını bildirərək və ucadan səs-küy salaraq Polis İdarəsinə getməkdən imtina etmiş və bununla da polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04.10.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar