Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-763/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi fəaliyyətlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 07 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, işlətdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Şeş Beş” çay evində saat 00-da göstərilən xidməti dayandırmalı olduğu halda, 07 oktyabr 2021-ci il tarixdə saat 00:07 radələrində işlədərək xüsusi karantin rejimi qaydasını pozmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 bildirdi ki, 09 oktyabr 2021-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Şeş Beş” çay evini işlədən Şəxs karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, 07.10.2021-ci il tarixdə saat 00:07 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Şeş Beş” çay evinə gələn zaman polis əməkdaşlarının çay evinin qarşısında durduqlarını görmüşdür. Polis əməkdaşları ona çay evində müştəri olduğunu bildirmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə içəriyə daxil olan zaman 6 nəfər vətəndaş olduğunu görmüşdür. Həmin 6 nəfər şəxsdən 3 nəfəri çay evində işləyən musiqiçilər, 3 nəfəri isə çay evindən çıxmağa çalışan müştərilər olmuşdur. O, həmin şəxslərlə maraqlanan zaman ona bildirmişlər ki, 100 manat yedikləri yeməyin pulunu ödəmişlər və pulun qalığını gözləyirlər. O, öz işçilərini tənbeh edərək nə üçün o vaxtda qaldıqlarını soruşan zaman işçilər bildirmişlər ki, müştərilərə tez durmaqlarını tələb etsələr də onlar ləngimişlər. Bununla əlaqədar onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirimiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri, polis serjantı X3 bildirdi ki, 07 oktyabr 2021-ci il tarixdə xidmətdə olarkən saat təxminən 00:07 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Şeş Beş” çay evinin saat 00:00-dan sonra fəaliyyət göstərdiyi onlar tərəfindən müəyyən edilmişdir. Bu barədə efir vasitəsi ilə Nizami Rayon Polis Bölməsinin növbətçi hissəsinə məlumat verərək əməliyyat qrupunu qeyd edilən ünvana dəvət etmişlər. Daha sonra çay evini işlədən Şəxs barəsində tədbir görülməsi üçün Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə aparmışlar. Bundan sonra Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri, polis kiçik serjantı X5, digər şahid X3 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs işlətdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Şeş Beş” çay evində saat 00-da göstərilən xidməti dayandırmalı olduğu halda, 07 oktyabr 2021-ci il tarixdə saat 00:07 radələrində işlədərək xüsusi karantin rejimi qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidlərin izahatları və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, fiziki şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşə əlavə olunmuş 07 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07 oktyabr 2021-ci il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-763/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-763/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver