Məhkəmə qərarları › İş №3(044)-77/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-77/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-77/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 211.3-cü maddəsi ilə tərtib edilmiş 05.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Tərəflərə işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində İXM-in 211.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05 yanvar 2022-ci il tarixdə saat 12:29-da ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus aptekdə karantin qaydalarının müştərilər tərəfindən tibbi maskadan istifadə edilmədiyi üçün pozulması faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. 05.01.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 12:29-da ünvan 1 ünvanında yerləşən və Şəxs MMC-nin istifadəsində olan obyektdə karantin qaydaları ilə bağlı keçirilən reyd zamanı müştərilərin tibbi maskadan istifadə etməməsi faktı aşkar edildi. Aşkar edilmiş faktla bağlı inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olundu. Rüstəmova Günay Aydın qızı protokolu imzaladı, 1 nüsxəsini qəbul etdi. Lakin izahat verməkdən imtina etdi. Gədəbəy Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli, 3(042)-317/2021 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, aptekdə olan müştərilər tibbi maskadan istifadə etməmişlər. İXM-nin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, Şəxs MMC-nin İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin əməlində İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti agırlaşdıran hal kimi müəyyən edilmişdir. Şəxs MMC-nin daha əvvəl Gədəbəy Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli, 3(042)-317/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilməsi həmin Məcəllənin 33.1.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə, törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək, hüquqi şəxs qismində həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar