Məhkəmə qərarları › İş №3(044)-787/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-787/2021

14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-787/2021 14.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin polis serjantı polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan raportdan və protokoldan görünür ki, Şəxs 14.10.2021-ci ci il tarixdə karantin rejimi qaydalarını pozmuş, icarə əsasında işlətdiyi Gəncə şəhər X6 küçəsində yerləşən “Xan Çinarı” adlı kafenin fəaliyyətini gecə saat 00:15 radələrində hələ də davam etdirmiş, buna görə Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin polis baş leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 14 oktyabr 2021-ci il tarixdə saat təxminən 00:15 radələrində ölkədə yaradılan xüsusi karantin rejimi ilə bağlı obyektlərə nəzarət edərkən, polis əməkdaşları Yeni Gəncə qəsəbəsindəki “Xan Çinarı” adlanan iaşə obyektinin fəaliyyətinin hələ də dayandırılmadığını və içəridə müştərilər olduğunu görmüşlər, həmin obyektə dərhal Nizami RPB-nin əməliyyat qrupu dəvət edilmiş, Əməliyyat qrupu obyekt sahibi, adı onlara sonradan məlum olan Şəxs ölkədə yaradılan xüsusi karantin rejimini pozduğu üçün Nizami polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 14.10.2021-ci il tarixdə o, icarəyə işlətdiyi “Xan Çinar” kafesini saat 24:00-dək bağlamaq üçün içəridə oturan müştərilərə yaxınlaşıb məlumat vermiş, həmin vaxt kabinetdə oturan bir neçə müştəri içkili halda onunla kobud danışarıq kafedən çıxmamışdır. O, həmin müştəriləri narazılıq olmadan xoşluqla kafedən çıxarmağa çalışmış, lakin müştərilər təxminən saat 00:15 radələrində kafedən çıxmağa başlamışlar. Bu zaman polis əməkdaşları kafeyə daxil olmuşlar, onu xüsusi karantin rejimi qaydalarını pozduğu üçün Nizami rayon PB-nin növbətçi hissəsinə təhvil vermişlər. Sonda o, bir daha belə xətaya yol verməyəcəyini, əməlindən peşman olduğunu bildirərək yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 izahat verərək bildirmişdir ki, 14 oktyabr 2021-ci il saat təxminən 00:15 radələrində ölkədə yaradılan xüsusi karantin rejimi ilə bağlı obyektlərə nəzarət edərkən o və ekipaj yoldaşı X1 ilə birgə Yeni Gəncə qəsəsində “Xan Çinar” adlanan iaşə obyektinin fəaliyyətinin hələ dayandırılmadığını və içəridə müştərilər olduğunu görmüşdür. Onlar dərhal deyilən obyektə Nizami RPB-nin əməliyyat qrupunu dəvət etmişlər, əməliyyat qrupu ilə birgə obyekt sahibi, adı onlara sonradan məlum olan Şəxs ölkədə yaradılan karantin rejimini pozduğu üçün Nizami RPB-nin növbətçi hissəsinə raportla təhvil vermişlər. Məhkəmə iclasında şahid Nizami RPB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid1 izahat verərək bildirmişdir ki, 14.10.2021-ci il tarixdə 3-7 saylı marşurutda xidmət apararkən saat təxminən 00:15 radələrində ekipaj yoldaşı Şahid2 ilə birlikdə X6 küçəsində “Xan Çinar” adlanan kafenin işlək vəziyyətdə olduğunu görmüş və ora yaxınlaşmışlar. Bununla əlaqədar onlar ərazi aidiyyatı üzrə Nizami RPB-nin əməliyyat qrupunu dəvət etmişlər və əməliyyat qrupu ilə birgə obyekt sahibi, adı onlara sonradan məlum olan Şəxs ölkədə yaradılan karantin rejimini pozduğu üçün Nizami RPB-nin növbətçi hissəsinə raportla təhvil vermişlər. İş materiallarına əlavə edilmiş 14.10.2021-ci il tarixli inzibati qaydada tutma haqqında ******* saylı protokoldan görünür ki, Şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 211.1 maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2021-ci il tarixli, 9 nömrəli Qərarının 2.3 – cü maddəsinə əsasən 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00dək yerində xidmət göstərilməsinə icazə verilir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2021-ci il tarixli, 248 nömrəli Qərarına əsasən xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Şəxs karantin rejimində müəyyən olunmuş saatdan artıq müddətdə icarəyə götürdüyü kafeni işlətdiyi üçün karantin rejimi qaydalarını pozması, beləliklə İXM-in 211.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici və şahidlərin izahatları, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 14.10.20021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli Şəxs tutulduğu 14.10.20021-ci il tarixdən hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar