Məhkəmə qərarları › İş №3(044)-8/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-8/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-8/2021 05.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində iş üzrə icraat aparılan şəxs “xxxx”MMC-nin nümayəndəsi X2, Protokol tərtib edən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət X5 nümayəndəsi X1 iştirakları ilə “xxxx”MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət X10 tərəfindən “xxxx”MMC barədə AR İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, müəssisədə plan üzrə yoxlama aparılan zaman Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət X5 nümayəndəsi X3 izahatında göstərdi ki, Gəncə Regional Dövlət X5 əməkdaşları tərəfindən “xxxx”MMC-də plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir.Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmiş, hüquqi şəxsin nümayəndəsi yol verilmiş pozuntular barədə izahat verməkdən imtina etmişdir.Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən “xxxx”MMC-yə inzibati tənbeh verilməsini xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən “xxxx”MMC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, həqiqətən də müəssisədə qeyd edilən orqan tərəfindən yoxlama aparılmış və bir sıra qanun pozuntuları aşkar edilmişdir. Amma həmin müəssisənin əraziləri, o cümlədən pozuntular aşkar edilmiş hissələrin əksəriyyəti ayrı-ayrı şəxslərə icarəyə verilmişdir. Həmin şəxslərlə icarə müqaviləsi bağlanıldığından bilavasitə həmin şəxslərin özləri yanğın təhlükəsizliyinə riayət etməlidirər.Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, 03495 nömrəli qərarından görünür ki, illik plana əsasən “xxxx”MMC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03495 nömrəli yanğıntexniki müayinə aktından görünür ki, “xxxx”MMC tərəfindən Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun bir sıra tələblərinin pozulması halları aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş icarə müqavilələrindən görünür ki, “xxxx”MMC-nin ayrı-ayrı sahələri ayrı-ayrı fiziki şəxslərin icarələrinə verilmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx”MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət X10 tərəfindən “xxxx”MMC-də yanğın təhlükəsizliyinə qarşı yoxlama aparılmış və həmin müəssisə tərəfindən bir sıra pozuntular aşkar edilmişdir. Məhkəmə pozuntuların aşkar edilməsi faktı ilə razılaşsa da, həmin pozuntuların bilavasitə “xxxx”MMC tərəfindən törədilməsi faktı tərtib edilmiş inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə araşdırılması zamanı “xxxx”MMC-yə məxsus olan obyektlərin ayrı-ayrı şəxslərə icarəyə verilməsi müəyyən edilmiş, inzibati orqan tərəfindən araşdırılma aparılarkən icarədarların kimlərdən ibarət olması müəyyən edilməmiş, Yanğın təhlükəsizliyi ilə bağlı qaydaların həmin icarədarlar tərəfindən yerinə yetirilməli olubolmamaları ilə bağlı hallar aşkar edilməmişdir. Bu kimi hallar aşkar edilmədən inzibati işə baxılması təqsiri olmayan şəxslərin əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsinə, qanun pozuntularına yol verən şəxslərin isə məsuliyyətdən kənarda qalmalarına gətirib çıxara bilən hal kimi nəzərdən keçirilməlidir. Belə ki, iş materiallarında olan “xxxx”MMC ilə icarədarlar X11, X7 və X8 və X4 arasında bağlanılmış icarə müqavilələrinin 4-cü bəndindən müəyyən edilir ki, icrayə götürənlər icarə sahəsini tələb olunan sanitar vəziyyətdə saxlamağı, yanğından mühafizə və elektrik enerjisindən istifadə qaydalarına əməl etməkləri öz üzərilərinə götürmüşlər. Məhkəmə hesab edir ki, tərəflərin bu kimi vəzifələri müqavilədə göstərilməsə də belə həmin vəzifələrə riayət edilməsi qanunun tələbindən isrəli gəlir. Belə ki, Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinin 2 və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmadılırlar. Göründüyü kimi inzibati icraat zamanı hüquqi şəxsin bölmələrinin ayrı-ayrı şəxslərə icarəyə verilməsi halları araşdırılmamış, yanğın nəzarətini həyata keçirən inzibati orqan tərəfindən hüquqi şəxsə, o cümlədən onun icarədarlarına yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən işlərin, xidmətlərin istehsaldan çıxarılması kimi yazılı tələbnamələr verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə ki, təqdim olunmuş protokoldan və iş materiallarından Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin hüquqi şəxs yoxsa onların icarədarları tərəfindən pozulması halları araşdırılmadan işə baxılarkən göstərilən xüsusatları tamamlamaq mümkün deyildir. Odur ki, məhkəmə bu üqənaətə gəlir ki, təqdim edilmiş materiallar natamam olduğundan və həmin natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xxxx”MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin orqana geri qaytarılsın. Qərardadan şikayət verilə bilməz. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar