Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-80/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş 15.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq cəmiyyətin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 oğlu bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən 15 dekabr 2021-ci il tarixdə, saat 11:16 radələrində Şəxs MMC-yə məxsus “Sabina” mağazasında müştəri tibbi maskadan istifadə etmədiyinə görə Şəxs MMC barəsində İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mağazalarda bəzən bu kimi hallara rast gəlinir. Belə ki, müştəridən tibbi maskadan istifadə etməsi tələb edilsə də bəzən müştəri buna məhəl qoymur. Bəzi hallarda isə müştərilər maskandan istifadə etsələr də rahat nəfəs almaq üçün qısa müddətə maskanı hamıda olduğu kimi bir az aşağı salırlar və qısa müddətdə olmasına baxmayaraq bu hal da qanun pozuntusu kimi qeyd edilir. Məhkəmədən Şəxs MMC-nin barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin fikrini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 15 dekabr 2021-ci il tarixdə saat 11:16-da Şəxs MMC-yə məxsus “Sabina” mağazasında müştərinin tibbi maskadan istifadə etməməsi faktı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. 15.12.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi ilə əlaqədar aparılan monitorinq zamanı ünvan 1 ünvanında yerləşən və Şəxs MMC-yə məxsus Mağazada (**********-23001) müştərinin tibbi maskadan istifadə etmədiyi müəyyən edilmiş və bu fakt 15.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla rəsmiləşdirilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi (işçisi) X2 inzibati xəta haqqında protokolla tanış olmaqdan, onu imza etməkdən və izahat verməkdən heç bir səbəb göstərmədən imtina etmişdir. İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Beləliklə, Şəxs MMC-nin İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin əməlində İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinərək hüquqi şəxs qismində həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-80/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-80/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver