Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-811/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Prokurorluğunun 13 oktyabr 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına əsasən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasının törədilməsi məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatları və inzibati xəta haqqında işin materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər prokurorunun köməkçisi X12 izahat verərək bildirmişdir ki, 20.05.2021-ci il tarixdə Gəncə şəhər Nizam rayon Polis İdarəsinin növbətçi hissəsindən Gəncə şəhər Prokurorluğuna Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “X20 Mərkəzi”ndə X7 yeni doğulmuş körpəsinin ölməsi barədə məlumat verilmiş, həmin məlumatın cinayət xarakterli olması nəzərə alınaraq “Prokurorluğa daxil olan cinayətlər haqqında məlumatların qeydiyyatı” kitabında qeydə alınmışdır. Qeyd edilən məlumat əsasında aparılmış araşdırma zamanı zəruri ola biləcək şəxslərin izahatları alınmış, komisyon məhkəmə-tibb ekspertizası təyin edilmiş, rəy alınmış və araşdırma ilə bağlı digər zəruri hərəkətlər yerinə yetirilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X13 20.05.2021-ci il tarixdə saat 11:30-da “X20 mərkəzi”nə daxil olmuş, onun üzərində qeysəriyyə əməliyyatı icra edilmiş və bətndən ölü döl xaric edilmişdir. Baş vermiş faktda hər hansı cinayət tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, X7 əməliyyatını həyata keçirən həkimlərin əməllərində işə vicdansız və ya laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmə və ya lazımi qaydada yerinə yetirməmə əlamətləri olmamışdır. Ona görə də həkimlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü və 314-cü maddələrinin tərkibi olmadığından cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, 20 may 2021-ci il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sonuncuya məxsus “X20 Mərkəzi”ndə X10 ilə əmək müqaviləsi bağlanmadan həmin şəxs tibbi əməliyyatı icra etməyə cəlb edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 20 may 2021-ci il tarixdə həmin tibb mərkəzində X7 tibbi əməliyyatını Şəxs MMC ilə əmək müqaviləsi olmadan X10 etmişdir. Həmçinin material üzrə izahatı alınmış şəxslər bildirmişlər ki, əvvəllər də Nigar Məmmədova direktor Ülkər Kərimovanın çağırışları əsasında Mərkəzə gəlib əməliyyatlar etmişdir. Bundan əlavə, Nigar Məmmədova öz izahatında bildirmişdir ki, "xxxx" MMC ilə heç bir müqaviləsi olmadan orada əməliyyatı icra etmişdir. Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati icraat başlanılmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti özəl tibb fəaliyyəti ilə məşğul olmaq lisenziyasına malik olan və “X20 Mərkəzi” adı ilə tibbin bir çox sahəsi üzrə fəaliyyət göstərir. Bildirir ki, vətəndaş X13 20.05.2021 il tarixdə saat 11:30-da “qarnın aşağı hissəsində sancıvari ağrıları” şikayəti ilə “X20 Mərkəzi”nə daxil olmuş, mərkəzin Mama-ginekologiya şöbəsində həkim müayinəsi zamanı xəstədə doğuş fəaliyyətinin olmaması aşkar edilmiş və xəstəyə “tokolitik terapiya” məsləhət görülmüşdür. Hamiləliyin 36-cı həftəsində vaxtından əvvəl doğuş təhlükəsi əlamətləri ilə müraciət etmişdir. “X20 Mərkəzi”ndə həmin şəxsin kliniki və radioloji müayinələri aparılmış və nəticədə xəstəyə 36 həftəlik hamiləlik, baş gəlişi çoxsulluq, uşaqlığda çapıq, dölün bətndaxili inkişaf ləngiməsi (öz vaxtından iki həftə inkişafın geri qalması) və vaxtından əvvəl doğuş təhlükəsi ilkin diaqnoz olaraq qoyulmuşdur. Xəstəyə vaxtından əvvəl doğuşun qabağının alınması üçün hamiləliyin prolonqasiyasına yönəlilən müalicə aparılmışdır. Lakin müşahidə zamanı dölün ürək vurğularının normadan aşağı azalması nəticəsində, həmin xəstəyə hamiləliyini bitirmək üçün təcili “qeyseriyyə əməliyyatı”nın icra olunması qərar verilmişdir. Lakin həmin vaxt müəssisənin Mama-ginekologiya şöbəsinin məsul həkimləri üzürlü səbəblərə görə (bir həkimin məzuniyyətdə olması, qonaq həkimin Bakıda olması) xəstəxanada olmadıqları üçün və xəstəyə təxirəsalınmaz müvafiq tibbi xidmətin göstərilməsi zərurətindən (risk, insan həyatını və sağlamlığını qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün) mərkəzin direktoru Ülkər Kərimova dərhal Göygöl rayon Mərkəzi Xəstəxanasında mamaginekoloq vəzifəsində çalışan Nigar Məmmədovaya zəng edib mərkəzə təcili dəvət etmiş və xəstə yaxını (həyat yoldaşı) ilə həmin tarixdə “X20 Mərkəzi” arasında müvafiq tibbi xidmət müqaviləsi, əməliyyatın riskləri, ağırlaşmaları və fəsadları haqqında məlumatlandırma-razılıq sənədləri rəsmləşdirildikdən sonra xəstə stasionara qəbul olunmuş və dərhal əməliyyat otağına alınaraq üzərində “qeyseriyyə əməliyyatı” icra olunmuşdur. Cərrahi yolla doğuş zamanı xaric olunan döl, boyun nahiyəsində 2 dəfə göbək ciyəsinin sıx dolanmaynan dərin asfiksiya əlaməti ilə (0 bal) doğulmuş və erkən neonatal reanimasiya tədbirlərinə cavab verməmişdir. Ananın həyatı təhlükədən qurtarılmışdır. Xəstəyə bütün tibbi normalar və tibbi protokollar əsasında vaxtında tələb olunan müvafiq tibbi yardım göstərilmiş, həkim heyəti tərəfindən heç bir pozuntu baş verməmişdir. Müəssisədə baş vermiş hadisə (dölün ölü doğulması) ilə bağlı yaxınları tərəfindən xəstəxanada səs-küy və narazılıqlar olmuş, yaranmış vəziyyətlə bağlı hüquqmuhafizə orqanlarına telefon vasitəsi ilə məlumat verilmişdir. Hadisə ilə bağlı “X20 Mərkəzi”nə Gəncə şəhər Prokurorluğunun müstəntiqi gəlmiş, yerində müvafiq araşdırma aparılmış və sonda xəstəyə yaxınlarının tibb müəssisəsindən, xəstəxananın həkimlərindən və digər personalından şikayətlərinin və heç bir maddi tələbin olmadığı barədə rəsmi ərizə yazılaraq prokurorluğun nümayəndəsinə təqdim olunmuşdur. Vaxtından əvvəl doğulan döl 0 (sıfır) balla doğulmuş, ananın həyatının itirmə riski aradan qaldırılmış və onun səhhətinə heç bir zərər vurulmamışdır. Lakin Gəncə şəhər Prokurorluğu tərəfindən “ölüm faktı” məlumatı əsasında araşdırma başlanmışdır. Araşdırma zamanı zəruri olan bütün tibbi və digər sənədlər Prokurorluq tərəfindən sorğu edilmiş, həkimlərin izahatı alınmış və müvafiq tibbi ekpertiza keçirilmişdir. X3 tibbi xidmətin göstərilməsinə dair “Əmək müqaviləsi”nin olmaması barədə (podrat müqaviləsi əsasında xidmət) məlumatı şəhər Prokurorluğuna 07.07.2021 il tarixdə rəsmi qaydada bildirilmişdir. X9 hamiləliyin 36-cı həftəsində vaxtından əvvəl doğuş təhlükəsi əlamətləri ilə 20.05.2021-ci il tarixdə “X20 Mərkəzi”ndə Əmək müqaviləsi olmadan mama-ginekoloq Nigar Məmmədova tərəfindən təxirəsalınmaz tibbi xidmətin göstərilməsi - xəstə Günay Rəhimovanın həyatını və sağlamlığını qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət olmuşdur. Bu hərəkət isə birbaşa son zərurətdən irəli gəlmişdir. Qeyd edilən hərəkətlər son zərurət vəziyyətində törədildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Günay Rəhimovaya tibbi prosedurları həyata keçirən həkimlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124 və 134-cü maddələrinin tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin tərkib əlamətləri olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC tərəfindən Gəncə şəhər Prokurorluğuna ünvanlanmış məktubun surətindən görünür ki, əsas iş yeri Göygöl rayon Mərkəzi Xəstəxanası olan, həkim-cərrah mama ginekoloq X10 01.05.2021ci il tarixdən 31.05.2021-ci il tarixədək Şəxs MMC-də “Podrat müqavilə”si əsasında müvafiq tibbi xidmət göstərilməsini həyata keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01.05.2021-ci il tarixli Podrat müqaviləsindən görünür ki, Şəxs MMC ilə həkim mama-ginekoloq X10 arasında X5 Şəxs MMC-nin “X20 Mərkəzi”ndə 01.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək keysəriyyə kəsiyi əməliyyatlarını həyata keçirməsinə dair podrat müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, X1 rayon Mərkəzi Xəstəxanasında əmək müqaviləsi əsasında həkim-mamaginekoloq vəzifəsində işləyir. Məhkəmə iclasında tədqiq edilmiş “X7 yeni doğulmuş uşağının ölməsi faktı müraciəti əsasında toplanmış material”dan görünür ki, Gəncə şəhər Prokurorluğunda material üzrə izahatı alınmış X8 “X20 Mərkəzi”ndə mama-ginekoloq vəzifəsində işlədiyini, Nigar Məmmədovanın “X20 Mərkəzi”ndə əvvəllər də çətin anlar yaşandıqda, həkim olmadıqda dəvət əsasında gələrək müvafiq əməliyyatları icra etməsini göstərmişdir, bundan başqa həmin material üzrə izahatı alınmış və şəxsən öz imzası ilə təsdiq edilmiş Cəfərov Fərid- Rza Fikrəd oğlunun izahatından görünür ki, o, “X20 Mərkəzi”ndə mama-ginekoloq vəzifəsində işlədiyini, Nigar Məmmədovanın “X20 Mərkəzi”ndə əvvəllər də çətin anlar yaşandıqda, həkim olmadıqda dəvət əsasında gələrək müvafiq əməliyyatları icra etməsini göstərmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməli Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 192.1-ci mаddəsi ilə tövsif edilməli və həmin hüquqi şəxsə İnzibаti Xətаlаr Məcəlləsinin 192.1-ci maddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Eyni zamanda Şəxs MMC-nin nümayandəsi X2 izahatında həkim Nigar Məmmədova ilə əmək müqaviləsi bağlanmadan onun tibbi əməliyyatı icra etməyə cəlb edilməsinin son zərurət vəziyyətində törədilməsi ilə bağlı göstərdikləri ilə əlaqədar məhkəmə qeyd edir ki, Şəxs MMC həmin şəxsi (həkim Nigar Məmmədovanı) əmək müqaviləsi bağlamadan tibbi əməliyyatı icra etməyə cəlb edərkən xəstə Günay Rəhimovanın həyatı və sağlamlığı ilə bağlı təhlükənin aradan qaldırılması üçün həmin şəxsin (həkim Nigar Məmmədovanın) onunla əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi təhlükənin aradan qaldırılması üçün yeganə vasitə olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. İş materiallarından görünür ki, Şəxs MMC ilə fiziki şəxs - həkim mama-ginekoloq X10 ilə əvvəlcədən 01.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək keysəriyyə əməliyyatlarını həyata keçirməsinə dair Podrat müqaviləsi bağlanmışdır. Bundan başqa, materialın Gəncə şəhər Prokurorluğunda araşdırılması zamanı izahatları alınmış X8 və Cəfərov Fərid-Rza Fikrəd oğlu izahatlarında Nigar Məmmədovanın “X20 Mərkəzi”ndə əvvəllər də çətin anlar yaşandıqda, həkim olmadıqda dəvət əsasında gələrək müvafiq əməliyyatları icra etməsini göstərmişlər. Qeyd edilən hallar da onu təsdiq edir ki, X5 Şəxs MMC-yə məxsus “X20 Mərkəzi”ndə əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsini tərəflər öz aralarında əvvəlcədən razılaşdırmışlar, xəstəxanada “çətin anların” olduğu təqdirdə həkim Nigar Məmmədovanın əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsinin əvvəlcədən planlaşdırılması və tərəflərin də bu barədə öz aralarında əvvəlcədən razılaşmaları - 20.05.2021-ci il tarixdə xəstə X7 üzərində keysəriyyə əməliyyatının icra edilməsi üçün həkim Nigar Məmmədovanın əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlı həmin inzibati xətanın son zərurət vəziyyətində törədilməsini istisna edir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən işçi ilə müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər Prokurorluğu tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmadan onun işə cəlb edilməsi barədə pozuntuya yol verilməsi aşkar edilməklə, işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, 256-c-21 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi 30.09.2021-ci il tarixdən üç ay keçmədiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-811/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-811/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver