Məhkəmə qərarları › İş №3(044)-827/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-827/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-827/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPB-nin polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan raportdan və protokoldan görünür ki, Şəxs 18.10.2021-ci il tarixdə karantin rejimi qaydalarını pozmuş, belə ki, o, Gəncə şəhəri Bayan küçəsində yerləşən “Fitnes SPA” mərkəzində qadağan olunmuş masaj və sauna qadağasına baxmayaraq həmin obyektdə masaj və sauna fəaliyyəti göstərmiş, bununla da o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPB-nin polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 18.10.2021-ci il tarixdə saat 18:30 radələrində Şəxs Gəncə şəhəri Bayan küçəsində yerləşən “Fitnes SPA” mərkəzində masaj və sauna fəaliyyəti göstərmişdir. Bununla da o, karantin qaydalarını pozmuş, polis əməkdaşları tərəfindən Nizami polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, o, Gəncə şəhəri Bayan küçəsində yerləşən “Fitnes SPA” mərkəzində sentyabr ayının 10-dan müqavilə əsasında admistirator vəzifəsində işləyir. Həmin obyektdə fəaliyyət göstərən masaj və sauna xidməti onun səlahiyyətində olmuş, lakin o, masaj və sauna xidməənin fəaliyyət göstərməsinə qadağa olduğunu bilməmişdir. 18.10.2021-ci il tarixdə həmin obyektdə masaj və sauna otaqları fəaliyyət göstərdiyi üçün, polis əməkdaşları obyektə gəlmiş və onu xüsusi karantin rejimi qaydalarını pozduğu üçün Nizami rayon PB-nin növbətçi hissəsinə təhvil vermişlər. Sonda o, bir daha belə xətaya yol verməyəcəyini, əməlindən peşman olduğunu bildirərək ona cərimə cəzasının verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 18.10.2021-ci il tarixli inzibati qaydada tutma haqqında ******* saylı protokoldan görünür ki, Şəxs 18 oktyabr 2021-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 211.1 maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2020-ci il tarixli, 73-1 nömrəli Qərarının 1.1.14 – cü maddəsinə əsasən masaj və hamam xidmətlərinin göstərilməsi dayandırılmışdır. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2021-ci il tarixli, 248 nömrəli Qərarına əsasən xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Şəxs karantin rejimində işlətdiyi obyektdə masaj və hamam xidmətlərinin göstərilməsi təşkil etdiyi üçün karantin rejimi qaydalarını pozması, beləliklə İXM-in 211.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 18.10.20021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 18.10.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar