Məhkəmə qərarları › İş №3(044)-837/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-837/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-837/2020 11.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və onun vəkili X9 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi, ev 20-də qeydiyyatda olan və yaşayan X8 barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(044)- 2960/2019 saylı icra sənədinə əsasən X4ndan xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment iddiaçı Babayeva (İsmayılova) Günay Mahir qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu X19 oğlunun borcunu ödənilməsi tələb edilsə də o, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. X2 icra sənədi üzrə 1160 manat aliment borcu vardır. Bununla da X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X14 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(044)-2960/2019 saylı icra sənədinin icrası ona tapşırılmışdır. İcra sənədi üzrə qanuna müvafiq olaraq icraat başlanılmış, icra hərəkətləri həyata keçirilmişdir. X3 tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. X4 icra sənədinin icrasından boyun qaçıraraq tələbi hazırki vaxtadək icra etməmiş, üzrsüz səbəbdən yayınmışdır. Borclu onun qanuni tələblərini yerinə yetirmir. İcra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Buna görə də X4 barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Borclunun 1160 manat aliment borcu vardır. Qeyd edilənləri əsas gətirib X2 inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X11 bildirdi ki, xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmiş, borclunun 1160 manat aliment borcunu ödəmədiyini qeyd edərək, borclunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2960/2019 saylı icra sənədinə əsasən onun 1160 manat aliment borcu vardır. O, maddi imkanı olmadığından aliment borcunu tam ödəyə bilməmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 vəkili X16, X13 barəsində məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun ifadəsini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(044)-2960/2019 saylı icra sənədinə əsasən X4ndan xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment iddiaçı Babayeva (İsmayılova) Günay Mahir qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlamaq haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2960/2019 saylı icra vərəqəsi icraata qəbul edilmiş və icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, bildirişin surəti X10 təqdim edilmiş, icra sənədinin icrası ilə əlaqədar X6 izahat alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. X8 məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. X8 məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli xx xxxxxx 2020-ci il saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il saat 12:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar