Məhkəmə qərarları › İş №3(044)-85/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-85/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-85/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəkil oğlunun iştirakları ilə, 07.06.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "Kristal" şadlıq sarayında inzibatçı işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi, 6-cı dalan, ev 12, mənzil 23-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. 26 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs 26 yanvar 2022-ci ildə inzibatçısı işlədiyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kristal” şadlıq sarayında təşkil edilən toy şənliyində iştirak edən vətəndaşların sayı portaldan qeydiyyatdan keçdiyi saydan 30 nəfər çox olmuşdur. Şəxs buna şərait yaradaraq xüsusi karantin rejimi qaydasını pozması məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X4 bildirdi ki, 26 yanvar 2022-ci il tarixdə Şəxs 26 yanvar 2022-ci ildə inzibatçısı işlədiyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kristal” şadlıq sarayında təşkil edilən toy şənliyində iştirak edən vətəndaşların sayı portaldan qeydiyyatdan keçdiyi saydan 30 nəfər çox olmuşdur. Şəxs buna şərait yaratmışdır. Şəxs karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində inzibati protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, 26 yanvar 2022-ci ildə inzibatçısı işlədiyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kristal” şadlıq sarayında “icazə.gov.az” saytında müvafiq qaydada qeydiyyatdan keçirilərək təşkil edilən toy şənliyində iştirak edən şəxslərin sayı qeydiyyatdan keçirilən şəxslərin sayından çox olmasına icazə vermiş və bununlada “xüsusi karantin rejimi” qaydasını kobud surətdə pozmuşdur. Bununlar əlaqədar onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bildirdi ki, səhvini başa düşür, bir daha belə hallara yol verməyəcəkdir, əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X1 bildirdi ki, 26 yanvar 2022-ci il tarixdə xidmətdə olan zaman xidməti ərazidə yerləşən “Kristal” şadlıq sarayında keçirdikləri yoxlama zamanı pandemiya ilə əlaqədar qoyulmuş qonaq normasından 150 nəfərdən artıq qonaq sayı, yəni təxmini 170 nəfər aşkar etmiş, pandemiya qaydalarını pozduğu üçün şadlıq sarayının administratoru Şəxs aidiyyatı üzrə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirib təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin PPX-nin polis nəfəri, polis baş serjantı X3, digər şahid X1 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 yanvar 2022-ci ildə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kristal” şadlıq sarayında təşkil edilən toy şənliyində iştirak edən vətəndaşların sayı portaldan qeydiyyatdan keçdiyi saydan artıq olduğu üçün xüsusi karantin rejimi qaydasını pozmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. 26 yanvar 2022-ci il tarixli BB ******* nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 26 yanvar 2022-ci il tarixdə saat 17:00-da tutulmuşdur. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsində Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar