Məhkəmə qərarları › İş №3(044)-855/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-855/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-855/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X2 izahat verərək bildirmişdir ki, Şəxs psixatrop maddə olan metamfetamin istifadə edib, onun təsiri altında 7 saylı sərnişin avtobusunu idarə etdiyi üçün onun barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki,” Azəravtonəqliyyat” ASC-də 7 nömrəli sərnişin avtobusu olan “İsuzi” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuşdur. 21.10.2021-ci il tarixdə təxminən saat 06 radələrində həmin avtomobillə işə çıxmaq üçün işlədiyi avtobus parkına getmiş, avtobus parkının qarşısında yerdə kibrit qutusu görmüş, həmin kibrit qutusunu götürüb içərisini açanda içərisində narkotik vasitəyə bənzər kütlə olduğunu görmüşdür. O, əvvəllər də bir neçə dəfə narkotik vasitə qəbul etmiş, həmin kütləni özü istifadə etməsi üçün götürüb özündə saxlamışdır. O, avtobusu avto parkdan götürüb işə çıxarkən siqaretinin bir ədədinin içərisində olan tütünlə qarışdırmışdır. Saat təxminən 12 radələrində həmin narkotik vasitəni yandıraraq çəkmiş, narkotik vasitə ona pis təsir etmiş, fikirləşmişdir ki, avtobusun son dayanacağında saxlayıb sərnişinləri boşaldıb evə gedər. Ancaq saat təxminən 13 radələrində o, Gəncə şəhəri A.Səhət küçəsi ilə təxminən 40-50 km/saat sürətlə getmiş, bu zaman onunla eyni istiqamətdə yolun hərəkət hissəsində qarşı tərəfdə dayanmış Mercedes markalı avtomobili görmüşdür. O, əyləci sıxsa da, avtobusu saxlaya bilməmiş, idarə etdiyi avtobus həmin Mercedes markalı avtomobilə dəymiş və idarəetməni itirmişdir. Bu zaman qarşı tərəfdən gələn Toyota Prius markalı XX-345YY nömrəli avtomobil sol ön tərəfdən onun idarə etdiyi avtobusla toqquşmuşdur. Zərbənin təsirindən Toyota Prius markalı avtomobili idarə edən X3 müxtəlif dərəcəli bədən xəsarətləri almış, həmin şəxsə tibbi yardım göstərilməsi üçün TTYS çağırmış və onu 3 nömrəli xəstəxanaya aparmışlar. Hadisə zamanı onun özü və idarə etdiyi avtobusdakı sərnişinlər xəsarət almamışıdr. Sonda əməlindən peşman olduğunu, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 21.10.2021-ci il tarixli 1561/2021 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində AMT (narkotik və ya psixotrop maddə) aşkar edilmişdir. - “İnzibati qaydada tutma haqqında” 21.10.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 21.10.2021-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs psixotrop maddədən istifadə etməsi, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu 21.10.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 21.10.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar