Məhkəmə qərarları › İş №3(044)-864/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-864/2020

15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-864/2020 15.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini müvəqqəti icra edən Azər İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 15/20, 16/20 və 17/20 saylı inzibati xəta haqqında iş üzrə qərarların ləğv edilməsi barədə X1, X2 və X6 oğlu tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini müvəqqəti icra edən Azər İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 15/20 inzibati xəta haqqında iş üzrə qərara əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini müvəqqəti icra edən Azər İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 16/20 inzibati xəta haqqında iş üzrə qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini müvəqqəti icra edən Azər İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 17/20 inzibati xəta haqqında iş üzrə qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. X1, X2 və X6 oğlu həmin qərarlara əsasən yazılmış cərimələrin silinməsi barədə ərizə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Çünki ərizəçilərinin hər birinin barəsində ayrıca inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməsinə baxmayaraq, onlar hər üçü birlikdə bir ərizə ilə məhkəməyə müraciət etmişlər və ərizəni heç biri imzalamamışdır. Halbuki, inzibati xətalar qanunvericiliyində bir neçə şəxsin barəsində olan inzibati qərarlardan həmin şəxslər tərəfindən birlikdə şikayət etmələri nəzərdə tutulmamışdır. Hətta qanunvericilikdə bir şəxsin eyni və ya müxtəlix vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, həmin işlərə eyni vaxtda baxılması nəzərdə tutulsa da, bir neçə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi inzibati xətaya dair işlərə birlikdə baxılması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsində bir neçə şəxs barəsində olan inzibati xəta haqqında qərarlardan həmin şəxslər tərəfindən birlikdə şikayət verilməsi nəzərdə tutulmadığından bu ərizə icraata qəbul edilə və baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini müvəqqəti icra edən Azər İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 15/20, 16/20 və 17/20 saylı inzibati xəta haqqında iş üzrə qərarların ləğv edilməsi barədə X1, X2 və X6 oğlu tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar