Məhkəmə qərarları › İş №3(044)-876/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-876/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-876/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTBnin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 156 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair 27.10.2021-ci il tarixli, MN №1164818 saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, 27.10.2021-ci il tarixdə karantin rejimi qaydalarını pozaraq, işlətdiyi Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsində yerləşən “Kral” çay evində saat 00:00-da xidməti dayandırmalı olduğu halda, saat 00:20 radələrində orada müştərilərə xidmət göstərilməklə çay evini işlətmiş, həmçinin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 izahat verərək göstərmişdir ki, 27 oktyabr 2021-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində yerləşən “Kral” çay evini işlədən Şəxs karantin rejimi qaydalarını pozaraq, işlətdiyi həmin çay evində saat 00:00-da xidməti dayandırmalı olduğu halda, saat 00:20 radələrində orada müştərilərə xidmət göstərilməklə çay evini işlətmiş, həmçinin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, həmin inzibati xəta hadisəsi ilə bağlı Şəxs və şahidlərin izahatlarını almış və Şəxs barəsində 27.10.2021-ci il tarixli, MN №1164818 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs qeyd edilən inzibati xətaları törətdiyindən onun inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində yerləşən “Kral” çay evini işlədir. 27.10.2021-ci il tarixdə saat 00:20-də “Kral” çay evində müştərilərə göstərilən xidməti dayandırmadığından polis əməkdaşları karantin rejimi qaydalarının pozulduğunu aşkar etmişlər. Saat 00:20-də həqiqətən də işlətdiyi çay evində müştərilər olmuşdur. Belə ki, müştərilər həmin vaxt hesabı ödəyə bilmədikləri üçün taksi ilə pul gətirəcəklərini demiş və pul gətirilənə kimi çay evində gözləməklərini xahiş etmişlər. Buna görə də o, çay evini həmin vaxt, yəni saat 00:20-də bağlamamışdır. O, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə əlaqədar qeyd edir ki, həqiqətən də polis işçiləri tələb edəkən çay evini dərhal bağlamamışdır. Çay evini bağlamaq və fəaliyyəti dayandırmaq müəyyən qədər vaxt tələb edir, ona görə də polis işçisinin tələbinə tabe ola bilməmiş, nəticədə polis işçiləri ilə arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərmişdir ki, o, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin PPXT-nin polis baş serjantı vəzifəsində işləyir. 27.10.2021ci il tarixdə saat 00:20 radələrində post yoldaşı X5 şəhəri Nizami RPİ-nin inzibati ərazisində Bəxtiyar Əliyev küçəsində xidmətdə olarkən “Kral çay evi”ni işlədən Şəxs karantin rejimi qaydasını pozduğunu, çay evində xidmət göstərərək içəridə 5 nəfər müştərinin olduğunu müəyyən etmişlər. Onlar həmin çay evini işlədən şəxsə daha öncə də saat 23:30, 23:50-də xəbərdarlıq edərək 00:00-dan sonra çay evini işlətməməsini demişlər. Ancaq Şəxs onların qanuni tələblərinə tabe olmamış və 00:00-dan sonra çay evini işlətmişdir. Şəxs karantin rejimi qaydalarını pozduğunu bildirərərk, çay evini bağlamasını tələb etsələr də, Şəxs öz hərəkətlərinə davam edərək, dərhal çay evini bağlamamış, polis işçisi olaraq onların xidməti fəaliyyətini yubatmış və nəticədə onların qanuni tələbinə tabe olmamışdır. Bundan sonra həmin şəxsi Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında iştirak edən şahidin izahatı və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs 27.10.2021-ci il tarixdə karantin rejimi qaydalarını pozaraq, işlətdiyi Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsində yerləşən “Kral” çay evində saat 00:00-da xidməti dayandırmalı olduğu halda, saat 00:20 radələrində orada müştərilərə xidmət göstərilməklə çay evini işlətmiş, həmçinin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki: Müəyyən edilsin ki: 1.1-ci bəndinə əsasən, 2021-ci il 1 noyabr saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci bəndi nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: 1.2.2-ci bəndinə əsasən ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələrinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş 27.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs 27.10.2021-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu, yəni 27.10.2021-ci il tarixdən saat 00:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu, yəni 27 oktyabr 2021-ci il tarixdən saat 00:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar