Məhkəmə qərarları › İş №3(044)-897/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-897/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-897/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Şəmkir şəhər İX Tağım Baş Yol patrul xidməti inspektoru polis leytenantı X2 tərəfindən tərtib edilmiş 25.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: X1 şəhər İX Tağım Baş Yol patrul xidməti inspektoru polis leytenantı X2 tərəfindən 25.10.2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 333.1-ci, 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, hərbiçidir, vətən uğrunda gedən müharibə zamanı Kəlbəcər istiqamətində düşmənlə üz-üzə vuruşmuş və medalla təltif edilmişdir. ünvan 1 ünvanında yaşayır. 25.10.2021-ci il tarixdə saat 07:30 radələrində Gəncə şəhərindən Şəmkir rayonunda yerləşən xidmət yerinə gedərkən Şəmkir polis postunda polis inspektoru leytenant X2 idarə ediyi ** XZ *** nömrəli Niva markalı avtomobili saxladaraq, sənədləri tələb etmiş. O, sənədləri polis əməkdaşına təqdim etdikdən sonra o, avtomobildə edilən konstruksiya dəyişikliyi barədə irad bildirmiş və eyni zamanda ondan sərxoş olub-olmamasını soruşmuşdur. O, avtomobili təzə aldığını, tez bir zamanda onda olan nöqsanların aradan qaldıracağını və sərxoş olmadığını, 24.10.2021-ci il tarixdə 2-3 ədəd 05 lt xırdalan pivəsi içdiyini bildirmiş, bundan sonra leytenant A.Y.Yahyayev xüsusi aparatla onun sərxoşluğunu ölçmüş və ona sərxoş olduğunu demişdir. O, həmin aparatın göstəricisi ilə razılaşmamış, sərxoşluğunu müəyyən etmək üçün həkim müayinəsi tələb etmiş, daha sonra o, polis əməkdaşlarının biri ilə həkimə getmişdir. Lakin tibb müəssisəsi əvəzinə polis əməkdaşı onu tanımadığı bir ünvana aparmış və evdən çıxan Kəmalə adlı şəxs özünü həkim kimi təqdim edərək ona məlum olmayan bir qurğu ilə sərxoşluğunu müəyyən etməyə başlamış və o, həmin şəxsdən özünü təqdim etməsini və həkim olması barədə sənəd təqdim etməsini tələb etmiş, sonuncu əhəmiyyət verməyərək, onun sərxoşluq vəziyyətini ölçməyinə başlamışdır. Kəmalə adlı şəxs ona sərxoş olmadığını dedikdə, o, sonuncudan müayinə aktının nəticəsini tələb etmiş, lakin o, yalandan vəd vedərək, sərxoş olmadığın üçün heç bir sənədə ehtiyac yoxdur deyə bildirmşdir. O, xidmət yerinə gecikdiyi üçün, onun vədinə inanıb, polis əməkdaşı ilə birlikdə avtomobilinin dayandığı posta qayıtmış, həmin posta qayıtdıqdan sonra leytenant A.Y.Yahyayev ona sərxoş olduğunu demiş və barəsində əsassız olaraq İXP ******* nömrəli protokol tərtib etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (İXM-nin 124.2-124.4-cü maddələri). X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu protokol əsasında qəbul ediləcək qərarla razılaşmadığı halda ərizəçinin həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Ərizəçi qanunda nəzərdə tutulduğu kimi inzibati tənbeh vermə haqqında qərarın yox, heç bir inzibati tənbeh tətbiq etməyən protokolun ləğv edilməsi barədə ərizə vermişdir. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından bu şikayətə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəmkir şəhər İX Tağım Baş Yol patrul xidməti inspektoru polis leytenantı X2 tərəfindən tərtib edilmiş 25.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar