Məhkəmə qərarları › İş №3(044)-9/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-9/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-9/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə Dövlət Vergi Xidmətinin 12 saylı ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2020-ci il tarixdə saat 13:20-də ünvan 1 1 A, mənzil 36 ünvanda yerləşən və “X1 Mərkəzi” MMC-yə məxsus olan ofisdə epidemiya əleyhinə rejimin, sanitariya gigiyena karantin rejiminin pozulması faktı aşkar olunmuşdur. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyətı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında icraat zamanı aşağıdakı sənədlər inzibati araşdırmanın predmetini təşkil etmiş və həmin sənədlərin məzmununa istinad edilmişdir: İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, “X1 Mərkəzi” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, “X1 Mərkəzi” MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixdə saat 13:20-də epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblər pozulmuş və həmin hüquqi şəxs tərəfindən həmin tələblərin pozulmasının qarşısı alınmamışdır. Belə ki, “X1 Mərkəzi” MMC-nin işçisi tibbi maskadan istifadə etməməsi və bununla da epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena, karantin rejiminin pozulması faktı aşkar olunmuşdur. Həmçinin “X1 Mərkəzi” MMC-nin işçisi Baxşəliyeva Könül Xətai qızı izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:20-də “X1 Mərkəzi” MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirilərkən həmin MMC-nin işçisi Baxşəliyeva Könül Xətai qızı tibbi maskadan istifadə etməmişdir. Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə çıxarışdan görünür ki, Baxşəliyeva Könül Xətai qızı “X1 Mərkəzi” MMC-də idarə qulluqçusu işləyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 12 saylı ərazi Vergilər Baş İdarəsi və “X1 Mərkəzi” MMC məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 64.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. İşə baxılmasının yeri və müddətinin hüquqi şəxsə vaxtında bildirilməsi barədə məlumat olduğundan, eyni zamanda işə baxılmasını təxirə salmaq haqqında hüquqi şəxsdən vəsatət daxil olmadığından və məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab etmədiyindən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək müəyyən etmişdir ki, toplanmış sübutlarla “X1 Mərkəzi” MMC-nin təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Mərkəzi” MMC həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Göründüyü kimi, hüquqi şəxs “X1 Mərkəzi” MMC-nin fəaliyyət göstərdiyi ünvanda işçisi tərəfindən tibbi maskadan istifadə edilməmiş, “X1 Mərkəzi” MMC-yə məxsus ofisdə işçisi tərəfindən Nazirlər Kabinetinin qeyd edilən qərarından irəli gələn tələblərinin pozulması hallarına yol verilmiş və “X1 Mərkəzi” MMC tərəfindən bunun qarşısı alınmamışdır. Nazirlər Kabinetinin yuxarıda adıçəkilən Qərarında həm də göstərilmişdir ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə hüquqi şəxs tərəfindən yol verilmiş inzibati xəta hadisəsi ilə bağlı onu qeyd edir ki, əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait yaradır. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariyaepidemioloji salamatlığı əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli proqramların yerinə yetirilməsi; dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməsini; əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat verilməsi və. s vasitəsilə təmin olunur. Bu qanunun vəzifəsi də dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsindən ibarətdir. Yekun olaraq məhkəmə onu qeyd edir ki, haqlı olaraq “X1 Mərkəzi” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əks halda qeyd edilən inzibati hüquq pozuntusunun qarşısının alınmaması Azərbaycan Respublikası İXM-nin inzibati xətaların qarşısının alınması prinsipinə zidd olmuş olardı. Belə ki, İXM-nin 4-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd edilən Məcəllənin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir. Bu Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri isə xəbərdarlıq; inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Qeyd edilən Məcəllənin 25.8-ci maddəsinə görə isə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar“ İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.5.2.-ci maddəsinə görə hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən isə bu Məcəllənin 150.2ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22.1.2, 23.1, 25, 32, 40, 43, 48-52, 57-61, 114, 115,117, 128-130,150-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar