Məhkəmə qərarları › İş №3(044)-904/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-904/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-904/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 02.11.2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri Cavadxan küçəsində ucadan səs-küy salıb, ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər Nizami RPİ-nin sahə rəisi, polis X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 01.11.2021-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhəri, Cavadxan küçəsində adı polis əməkdaşlarına sonradan məlum olan Şəxs ucadan ünvansız söyüşlər söydüyü üçün polis əməkdaşları tərəfindən saxlanılmış, onlar sonuncunu sakitləşdirməyə çalışsalar da, Şəxs polisin qanuni tələblərinə tabe olmamış və polis əməkdaşları ilə mübahisə etmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, 01.11.2021-ci il tarixdə təxminən saat 22:00-da əsəbi olduğu üçün Cavadxan küçəsində öz-özünə ucadan nalayiq söyüşlər söymüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, onu nizam-intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələblərinə məhəl qoymamış, polis əməkdaşları ilə mübahisə etmişdir. Belə olan halda onu polis əməkdaşları Nizami RPİ-yə gətirərək, növbətçi hissəyə təhvil vermişlər. Sonda o, şəhid qardaşı olduğunu, himayəsində 3 azyaşlı olduğunu, əməlindən peşman olduğunu nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər, Nizami RPİ-nin CAŞın, baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 izahat verərək bildirmişdir ki, 01.11.2021ci il tarixində Gəncə şəhəri Cavadxan küçəsində əməliyyat müvəkkili Şahid2lə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin, sonradan adını bildiyi Şəxs ucadan nalayiq söyüşlər söyməsini görüb, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onlara məhəl qoymayaraq, öz hərəkətlərinə davam etmiş və mübahisə etmişdir. Buna görə də onlar Şəxs gətirib Nizami RPİ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər, Nizami RPİ-nin CAŞın, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 izahat verərək bildirmişdir ki, 01.11.2021-ci il tarixində Gəncə şəhəri Cavadxan küçəsində əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq söyüşlər söyməsini görüb həmin şəxsə yaxınlaşmışlar, özlərini təqdim edib və onu nizam-intizama dəvət etmişlər, lakin sonuncu polisin qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmişdir. Onlar, adı sonradan onlara məlum olan Şəxs gətirib Nizami RPİ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş 01.11.2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Şəxs 01.11.2021-ci tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 3 az yaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə görə maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərilmiş 2 saat hüquqi yardıma görə müdafiəçi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 1 saatı 6 manat olmaqla, cəmi 12 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 01.11.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 12 (on iki) manat məbləğində pul ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar