Məhkəmə qərarları › İş №3(044)-918/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-918/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-918/2020 23.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, Məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə materialları nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmşdir ona görə ki, Şəxs MMC 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditinin aparılmasına görə inzibati xəta törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda sadalanan qanunun tələblərini rəhbər tutaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi cəmiyyətin hüquqi ünvanına göndərilməli olan bildiriş protokola əlavə edilsə də, həmin bildirişin hüquqi şəxsə göndərilməsini təsdiq edən sübutlar əlavə edilməmiş, hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İXM-in 112.1.5-ci maddəsinə uyğun olaraq hüquq və vəzifələrinin izahına dair qeyd aparılmamış, bununla da protokolu tərtib edilmiş şəxs tərəfindən kimə hüquq və vəzifələr izah edildiyi öz əksini tapmamışdır. Təqdim edilmiş inzibati xəta haqqında protokol Şəxs MMC-yə göndərilməmiş, protokolun inzibati xətaya yol vermiş şəxs tərəfindən alındığı və ya almaqdan imtina edildiyi barədə məlumat öz əksini tapmamışdır. Bundan başqa da məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin törədilməsi ehtimal edilən inzibati xətaya aidiyyətinin olmasını, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşıb-razılaşmadığını təsdiq edən zəruri sənədlər əlavə olunmamışdır. Protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.( Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxx 2019-cu il tarixli qərarı). Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar