Məhkəmə qərarları › İş №3(044)-921/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-921/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-921/2020 22.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol ona görə tərtib edilmişdir ki **-BF-*** dövlət nömrə nişanlı “Toyota” markalı qara rəngli nəqliyyat vasitəsi ilə,Göygöl rayon sakini Şəxs Gəncə şəhərinə girişinə icazəsi olmadığı və karantin rejimi qaydalarını pozmaqla polisin qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs **-BF-*** dövlət nömrə nişanlı “Toyota” markalı qara rəngli nəqliyyat vasitəsi ilə Gəncə şəhərinə girişinə icazəsi olmadığı və karantin rejimi qaydalarını pozmuşdur. O, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı üçün Nizami RPİ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Bununla da Şəxs İXM-in 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o Göygöl şəhərində yaşayır. Gəncə şəhərinə xəsatəxanaya getmək məqsədilə evdən çıxmış, evdən çıxmazdan öncə 8103-ə sms göndərmiş, çıxışına icazə verildikdən sonra o yaşadığı ərazini tərk etmişdir. O elə zənn etmişdir ki, ona verilən 3 saat ərzində o Göygöl şəhərini tərk edərək digər şəhər və rayonlara da gedə bilər. O, polisin qanuni tələblərinə tabe olmuş, Odur ki, onun 67 yaşının olmasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq məhkəmədən ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis baş serjantı X2 izahatında bildirdi ki, o xidmət aparan zaman karantin rejimi ilə əlaqədar vətəndaşların icazələrinin olub-olmamasını yoxlayan zaman **-BF-*** dövlət nömrə nişanlı “Toyota”markalı avtomobil tərəfindən saxlanılmış, həmi n avtomobilin sürücüsü sonradan adı ona məlum olan Şəxs icazəsinin olub-olmaması yoxlanılmış, müəyyən edilmişdir ki, o heç bir icazə olmadan Göygöl şəhərindən Gəncə şəhərinə daxil olmuşdur. Onun barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirildikdə o buna etiraz etmiş, telefonu ona yaxınlaşdıraraq kiminləsə danışmağı təkid etmiş, mübahisə yaratmış, o isə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə barəsində iş üzrə inzibati icraat aparılan şəxsin və məhkəmə iclasında iştirak edən şahidin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə toplanılmış materiallarla qarşılıqlı şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməli, AR İXM-nin 211.1-ci maddəsi ilə isə onun əməli tam sübuta yetirildiyindən o AR İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi Şəxs özünü AR İXM-nin 211.1ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o o Göygöl şəhərində yaşayır. Gəncə şəhərinə xəsatəxanaya getmək məqsədilə evdən çıxmış, evdən çıxmazdan öncə 8103-ə sms göndərmiş, çıxışına icazə verildikdən sonra o yaşadığı ərazini tərk etmişdir. O elə zənn etmişdir ki, ona verilən 3 saat ərzində o Göygöl şəhərini tərk edərək digər şəhər və rayonlara da gedə bilər. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin 6 Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nəqliyyat vasitələri hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışının dayandırılması qərara alınmışdır. Göründüyü kimi Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Qərarla hərəkətinə icazə verilmiş şəxslərdən başqa digər şəxslərin hərəkətlərinə məhdudiyyət qoyulmasına baxmayaraq Şəxs Gəncə şəhərinə giriş-çıxış üçün icazəsi olmadığı halda Gəncə şəhərinə daxil olmuş və bununla da Nazirlər Kabinetinin qərarında göstərilmiş tələbləri pozmuşdur ki, bu da nəticədə AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə gətirib çıxarmışdır. Buna baxmayaraq məhkəmə araşdırılması zamanı Şəxs əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Belə ki, karantin rejiminin qaydalarını pozaraq Nazirlər Kabinetinin qərarının tələblərinin pozulmasının hüquqi nəticəsinin şəxsə izah edilməsi və inzibati xətanın qarşısını almaq istəyən polis əməkdaşları ictimai qaydanı mühafizə edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamada özünü ehtiva edən hər hansı hallar edilməmişdir. Hazırki işdə polisin tələbi qanuni olmuş, Şəxs polisin qanuni tələblərinə tabe olmuşdur. Əks halda onun barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilərək Polis İdarəsində ondan izahatın alınması da mümkün olmazdı. Məhkəmə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin dispoziya şərtləri ilə Şəxs polis əməkdaşı ilə mübahisə etmə kimi hərəkətləri xətanın tərkib elementləri baxımından müqayisə edərək belə hesab edir ki, səs-küy salmaqla, təhqir etməklə, ictimai qaydanı pozmaqla müşayət olunan bu kimi hərəkətlər İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri deyildir. Barəsində inzibati icraat aparılan şəxsin əməlində məhkəmə araşdırması zamanı polisin qanuni tələblərinə əməl etməməkdə ifadə olunan hər hansı hərəkətlər müəyyən edilmədi. Ona görə də həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.1-ci maddəsinə əsasən xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından göründüyü kimi Şəxs inzibati qaydada tutulmamışdır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilən Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);. inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü Şəxs əməlində ATR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissə üzrə başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-24, 32, 40, 43, 48-52, 57-61, 114, 117, 128-130,150-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar