Məhkəmə qərarları › İş №3(044)-978/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-978/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-978/2021 10.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: 09.10.2021-ci il tarixdə saat təxminən 23 radələrində sürücü Şəxs idarə etdiyi “VAZ 21154” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, M.C.Paşayev küçəsi ilə üzü şəhərin mərkəzinə doğru hərəkətdə olan zaman yolu sağdan sola keçmək istəyən piyada X2 ehtiyatsızlıqdan vuraraq X1 yüngül xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8, 330.0.1-ci maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməsinə dair 12.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. İdarə etdiyi “VAZ 21154” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili sürücülük hüququ olduğundan idarə edir. 09.10.2021-ci il tarixdə saat təxminən 23 radələrində o, idarə etdiyi avtomobili ilə Gəncə şəhəri, M.C.Paşayev küçəsi ilə şəhərin mərkəzinə doğru saatda təxminən 50-60 k/m surətlə gələn zaman qəflətən bir nəfər kişi yolun sağ hissəsindən yolun sol hissəsinə doğru çıxmışdır. O, dərhal əyləci basıb avtomobili saxlamış, lakin ara məsafəsi yaxın olduğu üçün onun idarə etdiyi avtomobilin ön qabaq hissəsi ilə sonradan adını bildiyi Muradxan adlı şəxsi vurmuşdur. Həmin piyada ilk öncə avtomobilin ön qabaq örtüyünün üzərinə düşmüş, sonradan avtomobilin örtüyünün üstündən sürüşüb yerə düşmüşdür. O, dərhal avtomobili saxlayıb həmin piyadanı ətrafdan gələn tanımadığı şəxslərin köməkliyi ilə götürüb idarə etdiyi avtomobilə mindirib Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışdır. Hazırda əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən barəsində inzibati cərimə növündə inzibati tənbeh növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 26.10.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşin hallarından görünür ki, təhqiqat zamanı zərərçəkmiş X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və məhkəmə-tibb ekspertizasının 13.10.2021-ci il tarixli 1724 nömrəli rəyinə əsasən, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ təpə ənsə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sol diz nahiyəsinin qançırı- bərk kürt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 09.10.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, tərəflərin təhqiqat zamanı verdikləri və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş izahatları ilə, ekspertiza rəyi və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar