Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-987/2021 10.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi X4, Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: “Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyəti tərəfindən X10 və X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi X11 izahat verərək göstərmişdir ki, 13.09.2021-ci il tarixdə Gəncə şəhərində yüksək sürətlə hərəkət edən avtomobilin idarəetməni itirərək “Kolxoz bazarı” adlanan ərazidə xidmət aparan bazarın gözətçilərini vurması barədə Oxu.az internet saytında 17.09.2021-ci il tarixdə dərc edilmiş məlumatla əlaqədar araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, hadisə nəticəsində xəsarət alan gözətçilər X10 və X1-Bazar Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə baxış keçirilərkən hadisə baş verən gün, yəni 13.09.2021-ci il tarixdə Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyəti ilə X10 və X8 arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Buna görə də Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Gəncə- Bazar Açıq Səhmdar Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi və həmin maddə ilə müəyyən edilmiş inzibati tənbeh növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 izahat verərək göstərmişdir ki, hazırki inzibati xəta ilə əlaqədar, yəni Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri X2 tərəfindən X5 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə regional ərazi şöbəsinin 24.11.2021-ci il tarixli qərarı ilə vəzifəli şəxs qismində barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, həmin inzibati xətanın törədilməsində Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin hər hansı təqsirli hərəkətləri olmamış, həmin inzibati xəta qeyd etdiyi vəzifəli şəxsin təqsirli hərəkəti nəticəsində törədildiyindən həmin vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh növü tətbiq edilmişdir. Odur ki, Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X3 izahatından görünür ki, o, 01.09.2021-ci il tarixdən Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri X2 tərəfindən gözətçi kimi işə qəbul edilmişdir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X5 izahatından görünür ki, o, 19.08.2021-ci il tarixdən Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri X2 tərəfindən gözətçi kimi işə qəbul edilmişdir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə regional ərazi şöbəsinin 24.11.2021-ci il tarixli qərarından görünür ki, Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri X2 tərəfindən X5 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasına görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərədə tutulmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və inzibati xəta haqqında işin materialları əsasında müəyyən edilmişdir ki, Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri X2 tərəfindən X10 və X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmiş, Rəşad Əliyev və Əli Ələsgərov həmin hüquqi şəxsin idarə heyətinin sədri Hüseyn Cahangirov tərəfindən işə qəbul edilmiş və həmin işçilərlə bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən Cahangir Cahangirov tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və həmin inzibati xatanı törətməkdə Hüseyn Cahangirov təqsirli bilindiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə regional ərazi şöbəsinin 24.11.2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edilən işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsində hüquqi şəxs- Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin hər hansı təqsirli hərəkətlərinin olması məhkəmə araşdırması zamanı hər hansı sübutlarla təsdiq olunmamış, bu cür sübutların olması işin hər hansı materiallarında öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin qeyd edilən müddəasına əsasən hüquqi şəxsin inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün göstərilən vəzifəli şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilməsi müəyyən edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsiri sübut olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xətanı törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və sair iş üzrə əhəmiyyətli hallar müəyyən edilməlidir. Beləliklə də, inzibati xəta haqqında materialın araşdırılması zamanı ki, Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda, məhkəmə hesab edir ki, Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin barəsində 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 114.1.4, 115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gəncə-Bazar Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-987/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-987/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver