Məhkəmə qərarları › İş №3(045)-1000/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1000/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1000/2023 17.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədazadə Səməd Dilqəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər rayonunun Qamışlı kəndində qeydiyyatda olan və Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 272.3cü və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 04 noyabr 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 25 oktyabr 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 04 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli və 04 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Səmədabad kəndi ərazisində qohumu X6 məxsus ov tüfəngi ilə qanunsuz icazəsi olmadan 2 (iki) ədəd çöl dovşan ovlaması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Sərxan Məmmədovun raportu əsasında toplanmış HK-1-2203 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 272.3 və 590.2-ci maddələr ilə tövsif olunmuşdur. Şəxs barələrində həmin maddələrlə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən 04 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli və 04 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 272.3-cü və 590.2-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində qonşusu X3 məxsus “VAZ 2109” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Goranboy rayonu Səmədabad kəndinin yaxınlığında dovşan ovuna getmişlər. Həmin vaxt o, xalasının yoldaşı Göygöl şəhər sakini X6 məxsus "Ata Arms” markalı 15/D14866 nömrəli ov silahı ilə ov etmiş və iki ədəd dovşan vurmuşdur. Bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşmasını görmüş və dərhal silahı dovşanlarla birlikdə yolun kənarına tullamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq nə işlə məşğul olduğunu soruşduqda o, məsuliyyətdən yayınmaq məqsədilə atının itdiyini və işıq salaraq atlarını axtardığını bildirmişdir. Lakin polis əməkdaşları baxış keçirən zaman onun tərəfindən ov tüfəngi ilə vurulmuş iki ədəd dovşanı və silahı yolun kənarından tapmışlar. Daha sonra polis əməkdaşları onları Goranboy RPŞ-nə dəvət etmişlər. Hazırda etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri seşilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, ov etdiyi silah xalasının əri Faiq Qurbanovun adınadır və onun ovçuluq kitabçası yoxdur. Ov zamanı o iki ədəd dovşandan başqa heç bir ov etməmişdir. Ov etmək üçün heç bir icazəsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Ruslan Abbasov tərəfindən Goranboy RPŞ-nin rəhbərliyə ünvanlanmış 25.10 2023-cü il tarixli raportdan görünür ki, Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Sərxan Məmmədovun raportu əsasında toplanmış HK-1-2203 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 272.3 və 590.2-ci maddələrlə, X4 əməli AR İXM-nin 590.1 -ci maddələri ilə tövsif olunmuşdur. Şəxs və X7 barələrində həmin maddələrlə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilməlidir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 272.3-cü və 590.2-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Goranboy rayon Məhkəməsinin 3(045)-1001/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 məxsus olan, Goranboy Rayon Polis Şöbəsinin maddi sübutlar otağında dəmir seyfdə saxlanılan “ATA ARMS” markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahı müsadirə edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 272.3-cü və 590.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 272.3-cü və 590.2-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən xidməti və mülki silahın dövriyyəsi bu Qanuna müvafiq olaraq həyata keçirilir. Xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır; 9-cu maddəsinin İİ hissəsinə əsasən mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) ərizə ilə müraciət etməlidir; 15-ci maddəsinin İV hissəsinə əsasən odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3-cü bəndinə əsasən xidməti və mülki silahın və onun döyüş sursatının saxlanılması qanunvericiliklə müəyyən edilmiş qaydada verilən mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında əsasında həyata keçirilir (vətəndaşlar üçün). “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının: 1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir; 6-cı bəndinə əsasən mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə xüsusi icazə almadan “Ata Arms” markalı ov silahınının əldə edilməsi, saxlanılması və daşınması qaydalarını pozmuşdur. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi ov qaydalarının kobud şəkildə pozulması (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi) İXM-in 272.3cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda da Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 16 oktyabr 2023-cü tarixdə Goranboy rayonu, Səmədabad kəndi ərazisində ov qaydalarının kobud şəkildə pozmuşdur. Eyni zamanda "Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. "X8 Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir. Bu Qanunun 78-ci maddəsinə əsasən X8 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Nəzərə alınmalıdır ki, İXM-in 272.3-cü maddəsinin sanksiyasında həmçinin, ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirə edilib və ya müsadirə edilməməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi hazırkı inzibati xətanın törədilməsində alət olmuş X6 məxsus olan və Goranboy Rayon Polis Şöbəsinin maddi sübutlar otağında dəmir seyfdə saxlanılan “ATA ARMS” markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahı Goranboy rayon Məhkəməsinin 3(045)-1001/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən müsadirə edilmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 272.3-cü və 590.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar