Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1012/2024 15.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Goranboy rayonu, Tapqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində Goranboy rayon İcra və Probasiya şöbəsində ictimai yerdə ictimai qayda pozuntusu edərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:10-da Goranboy rayonu Hacallı kənd sakini X2 AR DİN-in “102” xidməti-zəng mərkəzinə etmiş olduğu müraciəti əsasında Goranboy rayon İcra və Probasiya şöbəsinin inzibati binasının qarşısında həyat yoldaşı tərəfindən təhqir olduğunu bildirmişdir. Bununla bağlı istintaq qrupunda olan Goranboy RPŞ-nin təhqiqatçısı Ehtiram Qurbanpv və Goranboy RPŞ-nin əməliyyat müvəkkili Vüqar Bayramov hadisə yerinə getmişlər. İnzibati binaya yaxınlaşan zaman iki nəfər şəxsin yüksək səslə mübahisə etməsini, onlardan birinin ucadan ünvanlı və ünvansız söyüşlər söyməsinin şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə nizam-intizamlı olmasını bildirmişlər və RPŞ-yə dəvət etsələr də, həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Bu səbəbdən də onlar həmin şəxsi RPŞ-nə gətirmişlər. RPŞ-də olan zaman həmin şəxsin Goranboy rayon Tapqaraqoyunlu kənd sakini Şəxs olması məlum olmuş və həmin şəxsi NH-yə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, Goranboy Rayon Məhkəməsinin qətnaməsinə əsasən iki övladının saxlanması üçün aylıq 340 manat aliment ödənişi təyin edilmişdir. O, aliment ödənişini maddi vəziyyəti ilə bağlı gecikdirdiyi üçün Goranboy rayon İcra və Probasiya şöbəsinə çağırılmışdır. xx.xx.2024-cü il tarixdə İcra şöbəsinin inzibati binasının qarşısında olan zaman keçmiş həyat yoldaşı Aytacın da İcra şöbəsinə gəlməsini görmüşdür. Bu zaman Aytac ondan aliment ödənişini gecikdirməyinin səbəbini soruşan zaman o, maddi vəziyyətinin yaxşı olmamasını bildirmişdir. Daha sonra Aytac İsmayılova ilə arasında sözlə mübahisə yaranmış və o, əsəbləşərək Aytacın üz nahiyyəsinə bir dəfə şillə ilə vuraraq uca səslə nalayiq ifadələr işlətmişdir. Bundan sonra onların mübahisəsi davam etmiş və şöbənin qarşısında o, yenidən uca səslə ünvanlı-ünvanısz nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşmış, özlərini ona təqdim etmişlər və onu nizamintizama dəvət esələr də o əsəbi halda olduğu üçün onların tələbinə məhəl qoymamışdır. Hazırda əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inizbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon İcra və Probasiya şöbəsinin əməkdaşı tərəfindən şöbəyə dəvət edilmişdir. Həmin gün, İcra və Probasiya şöbəsində olan zaman keçmiş həyat yoldaşı Şəxs orada olduğunu görmüş və ona aliment ödənişi barədə soruşan zaman, Amil heç bir ödəniş etməyəcəyini, uşaqları onun əlindən alacağını bildirdiyi üçün onların aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Amil onun sağ üz nahiyyəsindən şillə ilə bir dəfə vuraraq saçından tutub dartmışdır. Bundan sonra Amil onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt o DİN-nin 102 xidmətinə etdiyi müraciəti əsasında həmin yerə gəlmiş polis əməkdaşları Amildən nizam-intizamlı olmasını tələb etsələr də, Amil onların sözünə məhəl qoymadan nalayiq ifadələr işlətməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin təhqiqatçısı X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə əməliyyat istintaq qrupunda olan zaman saat 13:10-da Goranboy rayonu Hacallı kənd sakini X2 AR DİN-in 102 xidməti-zəng mərkəzinə etmiş olduğu müraciəti əsasında Goranboy rayon İcra və Probasiya şöbəsinin inzibati binasına getmişlər. İnzibati binaya yaxınlaşan zaman iki nəfər şəxsin yüksək səslə mübahisə etməsini, onlardan birinin ucadan ünvanlı və ünvansız söyüşlər söyməsinin şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə nizamintizamlı olmasını bildirib RPŞ-nə dəvət etsələr də, həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini qərəzli şəkildə davam etdirirdi. Bu səbəbdən də onlar həmin şəxsi RPŞ-yə gətirmişlər. RPŞ-də olan zaman həmin şəxsin Goranboy rayon Tapqaraqoyunlu kənd sakini Şəxs olması məlum oldu və həmin şəxsi NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin əməliyyat müvəkkili X7 iş üzrə digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin təhqiqatçıları Ehtiram Qurbanov, Rəhman Həsənov və Goranboy RPŞ-nin əməliyyat müvəkkili Vüqar Bayramov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:10-da Goranboy rayonu Hacallı kənd sakini X2 AR DİN-in 102 xidməti-zəng mərkəzinə etmiş olduğu müraciəti əsasında Goranboy rayon İcra və Probasiya şöbəsinin inzibati binasına getmişlər. İnzibati binaya yaxınlaşan zaman iki nəfər şəxsin yüksək səslə mübahisə etməsini, onlardan birinin ucadan ünvanlı və ünvansız söyüşlər söyməsinin şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə nizamintizamlı olmasını bildirib RPŞ-yə dəvət etsələr də, həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Bu səbəbdən də onlar həmin şəxsi RPŞ-yə gətirmişlər. RPŞ-də olan zaman həmin şəxsin Goranboy rayon Tapqaraqoyunlu kənd sakini Şəxs olması məlum olmuşdur. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 oktyabr 2024-cü il tarixdə Goranboy Rayon İcra və Probasiya şöbəsinin inzibati binasının qarşısında uca səslə ünvansız nalayiq ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14 oktyabr 2024-cü il tarixdə Goranboy Rayon İcra və Probasiya şöbəsinin inzibati binasının qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1012/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1012/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver