Məhkəmə qərarları › İş №3(045)-1023/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1023/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1023/2023 14.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy şəhərində yerləşən “Məkan” restoranının qarşısında uca səslə nalayiq ifadələr işlətmiş və orada olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Nəsimi Namazov və Elmin Allahverdiyev dislokasiya üzrə Goranboy rayonunda xidmətdə olarkən Goranboy şəhərində yerləşən “Məkan” restoranının qarşısında iki nəfər şəxsin uca səslə bir-biri ilə mübahisə etdiyini və ünvansız nalayiq ifadələr işlətdiklərini görmüşlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuları nizam-intizama dəvət etsələr də həmin şəxslər uca səslə nalayiq ifadələr işlətməyə davam edərək onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişlər. Adları polis əməkdaşlarına sonradan məlum olan Goranboy rayon sakini Şəxs və Ağdam rayonu Baharlı kənd sakini X4 barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirilmiş və aidiyyəti üzrə NH-yə təhvil verilmişdir. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy şəhərində yerləşən “Məkan” adlı şənlik evinə toy məclisinə getmişdir. Təxminən 17 radələrində o, toydan çıxmış və şənlik evinin yanındakı “Məkan” adlı çay evinə getmişdir. Çay evində olarkən küçədə tanımadığı bir şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini eşitmiş və dərhal küçəyə çıxmış və orada adını sonradan bildiyi Zaur Hüseynovun sərxoş vəziyyətdə öz hərəkətlərini idarə edə bilmədiyi üçün ictimai qaydanı pozduğunu görmüşdür. Həmin vaxt Goranboy RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və ictimai yerdə nalayiq ifadələr işlətməmələrini bildirmişlər. Lakin, o heç bir nalayiq ifadə işlətmədiyini, sadəcə həmin şəxsə ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirmişdir. Buna baxmayaraq Goranboy RPŞ-nin polis əməkdaşları Zaur Hüseynov ilə birlikdə onu da şöbəyə aparmışlar. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, həmin günü, yəni xx.xx.2023-cü il tarixdə toya dəvət almış və həmin toyda içki içmişdir. Adını sonradan bildiyi Zaur Hüseynov küçədə qadınların və digər şəxslərin yanında nalayiq ifadələr işlətdiyi üçün ona öz iradını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis serjantı X11 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elmin Allahverdiyev ilə dislokasiya üzrə Goranboy rayonunda xidmətdə olarkən Goranboy şəhərində yerləşən “Məkan” restoranının qarşısında iki nəfər şəxsin uca səslə bir-biri ilə mübahisə etdiyini və ünvansız nalayiq ifadələr işlətdiklərini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuları nizam-intizama dəvət etmişlər, bu zaman adları sonradan məlum olan Şəxs onların tələbinə tabe olub sakitləşsə də, digər mübahisə edən tərəf X9 uca səslə nalayiq ifadələr işlətməyə davam edərək onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Belə olan halda Goranboy rayon sakini Şəxs və Ağdam rayonu Baharlı kənd sakini X9 barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirilmiş və aidiyyəti üzrə NH-yə təhvil verilmişdirlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, hadisə yerinə çatdıqda Şəxs nalayiq ifadə işlətdiyini nə görməmiş, nə də ki, eşitməmişdir. İntizamsızlıq edən və uca səslə nalayiq ifadələr işlədən Zaur Hüseynov olmuşdur. Onları araşdırma aparılması üçün Goranboy RPŞ-yə dəvət etdikdə, həmin vaxt Şəxs heç bir etiraz etməyərək şöbəyə gəlmişdir. Məhkəmə iclasında şahid qismində Goranboy RPŞ-nin PPXB-nin polis serjantı X2 iş üzrə digər şahid X6 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nin polis serjantı Elmin Allahveridyev tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elmin Allahverdiyev ilə dislokasiya üzrə Goranboy rayonunda xidmətdə olarkən Goranboy şəhərində yerləşən “Məkan” restoranının qarşısında iki nəfər şəxsin uca səslə bir-biri ilə mübahisə etdiyini və ünvansız nalayiq ifadələr işlətdiklərini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuları nizam-intizama dəvət etsələr də həmin şəxslər uca səslə nalayiq ifadələr işlətmətə davam edərək onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişlər. Adları onlara sonradan məlum olan Goranboy rayon sakini Şəxs və Ağdam rayonu Baharlı kənd sakini X5 barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirilmiş və aidiyyəti üzrə NH-ya təhvil verilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:05-də inzibati qaydada tutulmuşdur; xx.xx.2023-cü il tarixli, 396 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs saat 19:05-də yüngül dərəcəli sərxoş olduğu aşkar edilmişdir (0,752%). 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərdən, həmçinin məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 13 noyabr 2023-cü il tarixdə Goranboy şəhərində “Məkan” restoranın qarşısında yaranmış mübahisə zamanı Şəxs hərəkətləri nəticəsində aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyil. Həmçinin, inzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq etməsi göstərilsə də, məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs oğıu tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir. Odur ki, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 13 noyabr 2023-cü il tarixli protokolun İXM-in 510-cu maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. Məhkəmə MN seriyalı ******* nömrəli, 13 noyabr 2023-cü il tarixli inizbati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi hissəsinə dair qeyd edir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs 13 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Goranboy şəhərində yerləşən “Məkan” restoranının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmaması məhkəmə iclasında sübuta yetirilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 Nizami Nazim oğlunun Goranboy şəhərində yerləşən “Məkan” adlı restoranın qarşısında yüksək səslə X9 adlı şəxsə narazılığını bildirməsini polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirmişlər. Bütün bu hallar isə Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə uca səslə kiməsə irad bildirməyi İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onun tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 13 noyabr 2023-cü il tarixli protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar