Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1025/2023 20.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Goranboy rayonu, Qarqucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Nadirkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Kommersiya Məhkəməsinin 2-2(115)-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 14 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 73408,10 manat borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Nəticədə, borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs cəmi 72700 manat məbləğində pul və 400 manat mediasiya xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməlidir. Borclu Şəxs 308.10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu Şəxs borcunu ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq göndərilməsinə baxmayaraq, məhkəmə qərarı üzrə öhdəliyini icra etməmiş, məhkəmə qərarı çıxarılan gündən indiyədək heç bir ödəniş etməmişdir. Hazırda məhkəmə qərarı üzrə 73408,10 manat yaranmışdır. “Elektron İcra İnformasiya” sistemindən görünür ki, borclu Şəxs adına heç bir əmlak yoxdur və X2 yanında sürücü işləyir. Bugünkü tarixdə borclu Məmmədov X3 Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və iş üzrə izahatı alınmışdır. Borclu, izahatında bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır, özü hazırda ailəlidir, sürücü işləyir və aylıq 500 manat alır, ailədə ondan başqa işləyən yoxdur, başqa gəlir yeri yoxdur, bütün borcu bağlamağa imkanı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, borclu Şəxs bugünkü tarixdə borcundan 4000 manat məbləğində ödəniş etmiş və hər ay borcundan 500 manat ödəyəcəyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq borclu barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmənin mülahizəsinə buraxır. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs adına heç bir əmlak yoxdur və X5 adlı şəxsin yanında sürücü işləyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqıqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, onun borclu Zərərçəkmiş şəxs ASC-yə cəmi 72700 manat pul borcu vardır. İcra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və borcunu ödəməkdən imtina etmir. Maddi vəziyyəti il əlaqədar icra sənəd üzrə tələbini vaxtında yerinə yetirə bilməmişdir. Lakin, hazırda tələbkar Zərərçəkmiş şəxs ASC-yə olan pul borcundan 4000 manat ödəmiş, qalan borcu da hər ay 500 manat olmaqla ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs cəmi 72700 manat məbləğində pul və 400 manat mediasiya xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməlidir. Borclu Şəxs 308.10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; İcra sənədinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 199980/2023 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə, icra sənədi üzrə ödənişlərin olmasını nəzərə alaraq, hazırki halda borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Həmçinin, icra tədbirləri nəticəsində borclu Şəxs başqa gəliri və əmlakının olmaması müəyyən edilmişdir. Yəni, borclunun hərəkətlərində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən olunmur. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1025/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1025/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver