Məhkəmə qərarları › İş №3(045)-1032/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1032/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1032/2023 17.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Goranboy rayon, Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayon, Borsunlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 17 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Goranboy rayon, Əhmədabad kəndində baş verən oğurluqla əlaqədər xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-yə şübhəli şəxs qismində gətirilmiş Şəxs şöbədə səs-küy salıb ünvanlı ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy rayonu Əhmədabad kəndində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq izahatının alınması üçün xx.xx.2023-cü il tarixdə CAB-nin ə/m, polis baş leytenantı Elnur Vəliyev ilə birlikdə Goranboy RPŞ-yə dəvət etmişlər. Saat 17:30 radələrində xidməti otaqda Şəxs hadisə ilə bağlı suallar verərəkən o, oğurluq hadisəsini törətmədiyini bildirərək əsəbi halda heç bir səbəb olmadan evindən oğurluq hadisəsi baş vermiş şəxs və digərləri barəsində ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş bu zaman Polis əməkdaşları ondan dəfələrlə sakitləşməsini tələb edib onu nizam intizama dəvət etsələrdə Şəxs qəsdən polisin qanunu tələblərinə tabe olmayaraq onların sözlərinə məhəl qoymadan öz hərəkətlərini davam etdirdirmişdir. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsi ilə özünü təqsirli bilsə də, 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Borsunlu kəndində kafedə oturarkən 2 nəfər şəxs yaxınlaşaraq polis olduqlarını bildirərək, oğurluqla əlaqədər onu Goranboy Rayon Polis şöbəsinə şübhəli şəxs qismində gətirmişlər. Hadisə ilə bağlı ona suallar verərkən o, əsəbi halda uca səslə oğurluq hadisəsini törətmədyini bildirərək polisin iş fəaliyyətini müvəqqəti pozmuş, daha sonra polisin qanuni tələblərinə tabe olaraq sakitləşmişdir. Həmin vaxt o, heç bir polis əməkdaşına qarşı tabesizlik göstərməmişdir. Odur ki, məhkəmədən barəsində yüngül inizbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis nəfəri X5 bildirdi ki, xx.xx.2023-cü il saat təxminən 17:30 radələrində Goranboy Rayon Polis Şöbəsində Şəxs oğurluq hadisəsi ilə bağlı bağlı suallar verərəkən o, oğurluq hadisəsini törətmədiyini bildirərək əsəbi halda heç bir səbəb olmadan evindən oğurluq hadisəsi baş vermiş şəxs və digərləri barəsində uca səslə nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ondan dəfələrlə sakitləşməsini tələb edib onu nizam intizama dəvət etdikdə həmin an tabesizlik etsə də, az müddətdən sonra tabe olub sakitləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis nəfəri X2 digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin CAP-nin polis leytinantı Ramin Zalov tərəfindən rəhbərliyə ünvanlanmış 15 noyabr 2023-cü il tarixli raportdan görünür ki, 11.11 2023-cü il tarixdə Şəxs Goranboy rayonu Əhmədabad kəndində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq izahatının alınması üçün CAB-nin ə/m, polis baş leytenantı Elnur Vəliyev ilə birlikdə Goranboy RPŞ-nə dəvət etmişlər. Saat 17:30 radələrində xidməti otaqda Şəxs hadisə ilə bağlı suallar verərəkən o, oğurluq hadisəsini törətmədiyini bildirərək əsəbi halda heç bir səbəb olmadan evindən oğurluq hadisəsi baş vermiş şəxs və digərləri barəsində ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini bu zaman Polis əməkdaşları ondan dəfələrlə sakitləşməsini tələb edib onu nizam intizama dəvət etsələr də Şəxs qəsdən polisin qanunu tələblərinə tabe olmayaraq onların sözlərinə məhəl qoymadan öz hərəkətlərini davam etdirmişdir. Odur ki, raportun aidiyyəti üzrə tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişlər. “İnzibati qaydada tutma haqqında” 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 noyabr 2023-cü tarixdə ictimai yerdə, Goranboy RPŞ-nin inzibati binasında, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək uca səslə aqressiv şəkildə danışmış, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs Goranboy RPŞ-nin inzibati binasında polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində polisin qanuni tələblərinə qəsdən tabe olmamağa dair inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 17 noyabr 2023-cü il tarixli protokolun İXM-in 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs 15 noyabr 2023-cü il tarixdə RPŞ-nin inzibati binasında uca səslə aqressiv şəkildə danışması İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan - polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Yəni, tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 17 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar