Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1036/2023 17.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Goranboy rayonu, Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Goranboy rayonu, Ağamalıoğlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X9 14 oktyabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞnin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X12 tərəfindən MN seriyalı ******* nömrəli, 17 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Goranboy rayon Düzqışlaq kəndində X5 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X12 izahatında göstərdi ki, 03 oktyabr 2023-cü il tarixdə X1 RPŞ-yə müraciət edərək Şəxs tərəfindən ona xəsarət yetirildiyini bildirmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 17 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, özünə məxsus olan iribuynuzlu heyvanlarını Goranboy rayon Düzqışlaq kəndinə yaşadığı evin həyətinə aparan zaman “VAZ 2107” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əkistiqamətli yolda həmkəndlisi Rahilə məxsus iti vurduğunu və itin isə hadisə yerində tələf olduğunu görmüşdür. Hadisə yerinə yaxınlaşan zaman avtomobili azyaşlı uşaq idarə etdiyini görmüş və həmin uşağa öz iradını bildirmişdir. Həmin vaxt avtomobildə olan adını sonradan bildiyi X11 gəlmiş və həmkəndlisi Rahilə qarşı nalayiq ifadələr işlətmiş, Rahil də buna görə Şücaətə qarşı nalayiq ifadə işlətmiş, daha sonra isə həmin qadın avtomobilə əyləşmiş və azyaşlı uşaq avtomobili sürüb birlikdə oradan uzaqlaşaraq getmişlər. Əlavə olaraq bildirir ki, o, mübahisə zamanı Şücaət adlı qadına təpiklə vurmamış və ya xəsarət yetirməmişdir. Həmçinin o, İİ Qarabağ müharibəsində iştirak etmişdir. O, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medallarla təltif olunmuşdur. Yekunda təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində qaynı X3 idarə etdiyi “VAZ 21074” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Goranboy rayon Dəyirmanlar kəndindən Goranboy rayon Dəliməmmədli şəhərinə gələn zaman sağ tərəf sahəlikdən qəfildən it yoluna çıxmış, Samir iti vurmamağı üçün avtomobilini əks istiqamətli yola çəkmiş, lakin buna baxmayaraq avtomobilin sol qabaq tərəfi ilə iti vurmuş və it hadisə yerində tələf olmuşdur. Daha sonra o və Samir avtomobildən yerə düşmüş, həmin vaxt Əbilfəz adlı şəxs onlara yaxınlaşmış və Samirə iti niyə vurduğunu və itin pulunu ödədəcəyini deyərək qaynı Samir ilə mübahisə etməyə başlamışdır. Bundan sonra o, sonuncunların mübahisə etməmələri üçün araya daxil olmuş və mübahisə zamanı Əbülfəz adlı şəxs təpiklə qəsdən onun sağ ayaq nahiyəsindən bir dəfə vurmuş, o da buna görə DİN-in “102” xidmətinə məlumat vermişdir. Daha sonra o, cibində olan 600 manat pulun mübahisə zamanı cibindən düşərək itdiyini bilmişdir. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisə zamanı itmiş 600 manat məbləğində vəsaiti Şəxs tərəfindən ödənildikdən sonra sonuncu ilə barışa bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X13 tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 677 nömrəli, 04 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş X4 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - sağ baldırın, sağ diz nahiyəsinin qançırları KÜT əşyanın (larin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2023cü il tarixdə kənar şəxs tərəfindən təpiklə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs X6 döyməsi öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokolda xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Goranboy rayon Düzqışlaq kəndində Şəxs X6 döyməsi və ya ona zorakı hərəkətlərlə fiziki ağrı yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Araşdırma aparmış orqan Şəxs X7 xəsarət yetirməsi, yəni İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gələrkən yalnız zərərçəkmiş şəxsin izahatını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyini əsas götürmüşdür. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olubolmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1036/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1036/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver