Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1042/2023 20.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Xoylu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 208-cİ maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 1 (bir) ədəd narkotik tərkibli çətənə kolu əkib becərdiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs İXM-in 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolda qeyd edilənlərə uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə o və Goranboy RPŞ-nin polis əməkdaşları ilə birlikdə Goranboy rayon Xoylu kəndində yaşayan Şəxs yaşadığı evin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə baxış keçirilmişdir. Bağa daxil olduqda ön hissədə qarğıdalı bitkisinin arasında kəskin spesifik iyə məxsus narkotik maddə hesab edilən 1 ədəd kökü torpaqda olan çətənə bitkisinə bənzər kol aşkar olunmuşdur. Baxış zamanı aqronom X4 2.85 metr uzunluğunda olan 1 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinin narkotik vasitə olan marixuana olduğunu və ona aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Goranboy rayon Xoylu kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməlidir. Hazırda da Şəxs barəsində MN seriyalı ******* nömrəli, 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə verilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs çətənə kolundan daha çox məhsuldarlıq əldə etmək üçün həmin kolu torpağın üzərinə sərərək hər budaqlarını fərdi qaydada yetişdirmişdir. Şəxs həyətinə baxış keçirilən zaman onun arvadı polis əməkdaşlarının gəlməsi barədə qonşuları X1 həyətinə qaçaraq məlumat verməsi şübhə çəkdiyi üçün tərəflərindən həmin qonşunun həyətinə də baxış keçirilmiş və orada da 1 ədəd çətənə kolu aşkar olunmuşdur. Bundan başqa Şəxs barəsində əvvəllər narkotik vasitədən istifadə etməsinə və əkmək üçün çətənə toxumları axtarmasına dair məlumatlar əldə etsələr də, bunu ifşa edə bilməmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 208-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Goranboy rayon Xoylu kəndində yaşadığı evin həyətində olan zaman polis əməkdaşları gələrək özlərini təqdim etmişlər, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib becərdiyini, bununla bağlı həyətyanı sahəyə və evinə baxış keçirəcəklərini bildirmişdir. O, həyətində 1 ədəd çətənə bitkisi olan marixuana kolunun olduğunu deyərək həyətinə və fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etiraz etməmiş, onun iştirakı ilə polis əməkdaşları həyətyanı torpaq sahəsinə baxış keçirmişdirlər. Baxış zamanı həyətyanı torpaq sahəsindən aqrotexniki qaydada qulluq göstərdiyi, suvardığı 1 (bir) ədəd çətənə kolu onun iştirakı ilə torpaqdan çıxarılmış, tərəzidə çəkilmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Hazırda etdiyi əməldən çox peşmandır, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır, odur ki, məhkəmədən barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, təxminən 3 ildir narkotik vasitə olan marixuana qəbul edir. Sonuncu dəfə narkotik maddə olan marixuananı 6-7 ay bundan əvvəl istifadə etmişdir. Həmin çətənə kolu həyətində göyərti əkdiyi yerdə öz-özünə bitmiş və o, narkotik vasitə istifadə etdiyi üçün həmin kola qulluq göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin manqa komandiri X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş məxfi məlumatın doğruluğunu yoxlamaq məqsədilə o və Goranboy RPŞ-nin digər polis əməkdaşları ilə birlikdə Goranboy rayon Xoylu kəndində yaşayan Şəxs yaşadığı evin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə baxış keçirilmişdir. Həyətyanı sahəyə daxil olduqda qarğıdalı bitkisinin arasında kəskin spesifik iyə məxsus narkotik maddə hesab edilən 1 ədəd kökü torpaqda olan çətənə bitkisinə bənzər kol aşkar olunmuşdur. Baxış zamanı aqronom X4 da dəvət edilmiş və aqronom 2.85 metr uzunluğunda olan 1 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinin narkotik vasitə olan marixuana olduğunu və ona aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra Şəxs barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs yaşadığı Goranboy rayonu, Xoylu kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə sonuncu tərəfindən etiraz edilməmişdir. Şəxs şöbədə izahatı alınarkən marixuanadan istifadə etdiyini, həmin kolun özü-özünə əmələ gəldiyini və ona daimi qulluq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 208-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 16/865 nömrəli, 31 avqust 2023-cü il tarixli rəyinin “təhqiqatın nəticəsi” hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Şəxs yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 1 kol.....” yazı və imzalar olan 1 (bir) ədəd sintetik kisələrdən ibarət bağlamada, 1 (bir) ədəd, təmiz çəkisi 6350 qram olan bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Goranboy rayonu DAİM-nin direktor müavini X2 rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 208-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı ilə yanaşı işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə qeyd edir ki, dövlətin əsas məqsəd və vəzifələrdən biri sağlam cəmiyyətin formalaşması baxımından narkomaniya ilə mübarizədir ki, Azərbaycan Respublikasının insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosialiqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa qarşı mübarizə metodlarından biri də cəza siyasətidir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olub-olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmənin qənaətinə görə şəxs barəsində törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Məhkəmə hesab edir ki, Goranboy rayon Polis şöbəsinə təhvil verilmiş qalıq çəkisi 6350 qram narkotik tərkibli çətənə (kannabis) məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, İXM-nin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 noyabr 2023-ci il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsində saxlanılan 6350 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60,8 (altmış manat səksən qəpik) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1042/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1042/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver