Məhkəmə qərarları › İş №3(045)-1043/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1043/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1043/2023 20.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin TTÜİ-nin polis mayoru X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.4 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 20 noyabr 2023-cü il tarixdə Goranboy Rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 24 iyul 2023-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhəri, Y. Rəhimov küçəsində VAZ 21063 minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr qaydalarının tələblərini pozmuş, nəticədə yol-nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Şəxs İXM-in 327.4 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində 20 noyabr 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin TTÜİ-nin polis mayoru X3 izahatında göstərdi ki, sürücü Şəxs 24 iyul 2023-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhəri, Y. Rəhimov küçəsində VAZ 21063 minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr qaydalarının tələblərini pozmuş, nəticədə sağ tərəfdən hərəkətə başlayan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-in 327.4 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törədilmişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində yaşayır. 24 iyul 2023-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində sərxoş halda idarə etdiyi VAZ 21063 minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr qaydalarının tələblərini pozmuş, nəticədə sağ tərəfdən hərəkətə başlayan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Əlavə olaraq qeyd edir ki, onun atası xəstə olduğu üçün ona qulluq edir. Həmçinin, bu yaxınlarda bacısı uzun surən xəstəlikdən vəfat etmişdir. Törətdiyi əməldən peşmandır və məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 24 iyul 2023-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində ona məxsus VAZ 21074 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs idarə etdiyi 21063 minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə onun avtomobilinə 1005 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Şəxs tərəfindən qarşılanmamışdır. Şəxs ona dəymiş ziyanı ödədikdən sonra şikayətçi olmayacaqdır. Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 334.3-cü maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin DYPB-yə göndərilmişdir; xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, VAZ 21074 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1005,00 manat maddi ziyan dəymişdir; Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 iyul 2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda VAZ 21063 minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməklə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla da Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X7 İdarəsinin rəisi, onun müavinləri, Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X7 İdarəsinin rəisi, ərazi polis orqanlarının X7 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X7 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X7 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.4-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən, İXM-in 40.0.1, 43, 48-51, 55, 114-115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy Rayon Polis X6 Polisi Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar