Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-105/2024 26.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonunun Şəfəq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X2 24 fevral 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTByə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən MN seriyalı ******* nömrəli, 24 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixə keçən gecə Goranboy rayonunun Şəfəq kəndində X5 məxsus işıq naqilini oğurlayaraq xırda talama törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, 23 fevral 2024-cü il tarixdə Goranboy rayonunun Şəfəq kənd sakini X7 Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə müraciət edərək gecə radələrində ona məxsus olan işıq naqilinin naməlum şəxs tərəfindən kəsilərək oğurlanmasını bildirmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 24 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, əvvəllər də Şəxs bir neçə dəfə oğurluqda adı keçmişdir. Ona ona görə ehtimal olunur ki, X5 məxsus işıq naqillərini də Şəxs oğurlamışdır. Buna dair əlavə sübutları yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 227-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, X7 onun həmkəndlisidir. Sözügedən oğurluq faktı ilə bağlı heç bir məlumatı yoxdur. Belə ki, onu polis şöbəsinə dəvət etmişlər və polis şöbəsinin inzibati binasında olan zaman yazılmış sənədlərə imza etməsini bildirmişlər. O, təqdim edilən sənədlərə imza etmiş, lakin, sənədləri oxumadığından orada nə yazıldığını bilməmişdir. Yekunda təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, o, Goranboy rayonunun Şəfəq kəndində yaşayır və özünə məxsus yaşadığı kənddə yaşayış olmayan evi vardır. Həmin evə tez-tez baxış keçirdir. Lakin, son 2 ayda xəstə olduğu üçün evinə baxış keçirtməmişdir. Həmin evə 22 fevral 2024-cü il tarixdə baxış keçirən zamanı evinə çəkilən təxminən 200 metr uzunluğunda elektrik naqilinin oğurlanmasını aşkar etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzinə müraciət etmiş, həmin müraciət əsasında polis şöbəsində araşdırma aparılmışdır. Hətta həmin faktdan sonra yaşayış olmayan evinə baxış keçirmiş və evin nəfəsliyinin sındığını görmüş, evə baxış keçirən zaman isə təxminən 150 manat dəyərində qab-qacağın oğurlanmasını da aşkar etmişdir. Göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin oğurluğun məhz Şəxs tərəfindən törədilməsini deyə bilməz. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs X5 məxsus elektrik naqilini oğurlaması öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Goranboy rayonunun Şəfəq kəndində X5 məxsus yaşayış evinə çəkilmiş işıq naqilini oğurlaması faktı göstərilsə də, bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Belə ki: - inzibati xəta haqqında protokol tərtib etmiş şəxs baş vermiş xırda talamanın Şəxs tərəfindən törədilməsini ehtimal etdiyini bildirmiş və buna dair əlavə sübutlarının olmadığını qeyd etmişdir; - zərərçəkmiş şəxs X7 izahatında ona məxsus yaşayış evinə çəkilmiş işıq naqilinin məhz Şəxs tərəfindən törədilməsini deyə bilməyəcəyini qeyd etmişdir. Araşdırma aparmış orqan Şəxs X5 məxsus elektrik naqilinin oğurlanması, yəni İXMin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gələrkən yalnız əvvəllər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin oğurluq etməsinə və ehtimallara əsaslanmışdır. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(045)-105/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-105/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver