Məhkəmə qərarları › İş №3(045)-1069/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1069/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1069/2023 28.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, nzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kəlbəcər rayonunun Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonunun Keştək kəndində qeydiyyatda olan və Goranboy rayonu, Qaradağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 28 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli və 28 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 28 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 27 sentyabr 2023-cü il tarixdə Goranboy rayonu, Qaradağlı kəndində saat 13 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Nəticədə Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 28 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 28 noyabr 2023-cü il tarixdə saat 12:04 radələrində Goranboy Rayon Polis Şöbəsinin inzibati binasında yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXMin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Qaradağlı kənd sakini Şəxs və Zərərçəkmiş şəxs ərizələri əsasında toplanmış HK-1-2057, 2058 və 2059 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Şəxs əməllərində İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:04 radələrində Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Fərid İnqilablı və X8 RPŞ-nin mühafizə postunda xidmətdə olan zaman RPŞ-nin inzibati binasında bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini eşidərək ora yaxınlaşmışlar. Bu zaman məlum olmuşdur ki, həmin şəxs Goranboy rayon Qaradağlı kənd sakini Şəxsdur. Şəxs barəsində çıxarılmış qərarla bağlı məhkəməyə aparılmasına narazılıq etmiş, bununla da ictimai qaydanı pozmuşdur. Şəxs barəsində onun tərəfindən 28 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs təhqiqatçının qərarı əsasında onun barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-yə çağırılmış, həmin vaxt RPŞ-nin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlətməyə başlamış və təxminən 20-30 dəqiqə şöbənin normal iş ahəngini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci və 510-cu maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində faktiki ayrılıdığı həyat yoldaşı Zərərçəkmiş şəxs övladını görmək üçün onun yaşadığı ünvana gəlmişdir. Əfsanə ilə azyaşlı övladı Sabir Zamanovu küçədə görüşdürmüş və yoldaşına çıxıb getməsini bildirmişdir. Həmin vaxt Əfsanə oğlu ilə onun şəkilini çəkmiş və getmişdir. O, Əfsanənin yaşadığı evin istiqamətinə getdiyini görmüş, buna görə Əfsanənin arxası ilə getmişdir. Əfsanənin yaşadığı evin qapısının açar ilə açmaq istəmiş, lakin aça bilmədiyi üçün daşla sındırmaq istəmişdir. Həmin vaxt o, Əfsanəyə yaxınlaşmış qapını sıdnırmaq istədiyi üçün ona narazılığını bildirmişdir. Əfsanə isə uşağını öz evində saxlamaq istədiyini bildirmişdir. Daha sonra o, bu barədə DİN-in “102” çağrı mərkəzinə müraciət etmiş və Əfsanə də onun barəsində polisə müraciət etdiyini görmüşdür. Lakin o, Əfsanəni döyməmişdir. Bununla bağlı araşdırılma aparılmış və o, şöbəyə dəvət edilmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Goranboy RPŞ-nin inzibati binasının qarşısında olan zaman onun barəsində tədbir görülməsi üçün məhkəməyə çıxarılacağını öyrənmişdir. Bu zaman RPŞ-nin qapı postunda dayanmış iki nəfər polis əməkdaşına öz iradını bildirmiş və şöbənin rəisinin qəbuluna keçmək istədiyini bildirmişdir. Lakin polis əməkdaşları rəisin qəbulu həftənin müəyyən vaxtlarda həyata keçirildiyi üçün onun həmin gün gəlməsini bildirmişdir. O, buna əsəbiləşərək uca səslə şöbənin qarşısında səs-küy salmağa başlamışdır. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs ona xəyanət etmiş, o da buna görə uşağı ona vermək istəmir. Əfsanə ilə aralarında bağlanmış nikah pozulmamışdır. Hazırda uşağın 3 yaşı var və onun himayəsindədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. 2017-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan bir övladı olmuşdur. Təxminən üç ay bundan əvvəl Şəxs ilə ailə daxili münaqişələri olmuşdur. Bu səbəbdən Nadir onu evdən qovmuşdur. O, üç aya yaxındır ki, Daşkəsən rayonunda yaşayır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Goranboy rayon Qaradağlı kəndində uşağını görməyə getmişdir. O, evin qapısına baxmış və qapının bağlı olduğunu görmüşdür. Həmin vaxt Nadir gəlmiş və saçından tutub yerlə sürüyərək onu yola çıxararaq nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra kürək nahiyəsindən yumruqla bir neçə dəfə vurmuş və yerdən ağac götürüb sol ayaq nahiyəsindən vuraraq onu həyətdən qovmuşdur. O, da bu barədə DİN-in “102” çağrı mərkəzinə müraciət etmişdir. Bundan sonra o, yol ilə gedən zaman Nadir ona “səni öldürəcəm” sözlərini demişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Odur ki, Şəxs barəsində ən ağır inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, evlilik dövründə Şəxs dəfələrlə işgəncələrinə məruz qalmışdır. Həyat yoldaşı onu dəfələrlə bıçaqla və sair küt alətlərlə öldürmək istəmiş, lakin o, hər dəfəsində əlindən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:04 radələrində Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X5 ilə birlikdə RPŞ-nin mühafizə postunda xidmətdə olan zaman Goranboy RPŞ-nin həyətində olan vətəndaşların və orada xidmət edən polis əməkdaşlarının şöbənin inzibati binasına tərəf toplaşdığını görmüşlər və ora yaxınlaşmışlar. Həmin vaxt RPŞ-nin inzibati binasında bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini eşidərək həmin şəxsə yaxınlaşmışlar. Bu zaman məlum olub ki, həmin şəxs Goranboy rayon Qaradağlı kənd sakini Şəxsdur. Şəxs barəsində təhqiqatçı tərəfindən çıxarılmış qərarla bağlı məhkəməyə aparılmasına narazılıq etmişdir. Həmin vaxt vətəndaş Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs təxminən 20-30 dəqiqə aralarığında şöbənin iş rejimini pozmuşdur. RPŞ-nin inzibati binasının qarşısında sonuncunun qohumları da toparlaşaraq əlində olan benzin ilə özlərini və şöbənin inzibati binasını yandıracaqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Həbib Hacıyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyə ünvanlanmış 15 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Qaradağlı kənd sakini Şəxs və Zərərçəkmiş şəxs ərizələri əsasında toplanmış HK- 1-2057, 2058 və 2059 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün onların barəsində Azərbaycan Respublikası İXM-in İXM- in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTBnə göndərilməlidir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Samir Məmmədov və Fərid İnqilablı tərəfindən Goranboy RPŞ-nin rəhbərliyə ünvanlanmış 15 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:04 radələrində Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X5 ilə birlikdə RPŞ-nin mühafizə postunda xidmətdə olan zaman RPŞ-nin inzibati binasında bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişlər və ora yaxınlaşmışlar. Bu zaman məlum oldu ki, həmin şəxs Goranboy rayon Qaradağlı kənd sakini Şəxsdur. Şəxs barəsində çıxarılmış qərarla bağlı məhkəməyə aparılmasına narazılıq edib ictimai qaydanı pozmuşdur. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən Şəxs və Zərərçəkmiş şəxs ərizələri əsasında toplanmış HK-1-2057, 2058 və 2059 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində AR İXM-in 157-ci maddəsilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 663 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol budun, boyunun, döş qəfəsinin arxa səthinin və boyunun arxa səthinin qançırı bərk KÜT əşyamn (larin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən ağacla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə, proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini özü etiraf etməsə də, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs 28 noyabr 2023-cü tarixdə ictimai yerdə, yəni Goranboy Rayon Polis şöbəsinin inzibati binasında və həyətində uca səslə nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozması - xırda xuliqanlıq etməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 28 noyabr 2023-cü tarixdə ictimai yerdə, yəni Goranboy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlətmiş, bununla ictimai qaydanı pozmuş cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdiyi xüsusatlar məhkəmədə araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - İXM-in 76.1-ci maddəsinin tələblərinə əsasən sübut hesab olunan inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin inziabti binasında yeksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması göstərilmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Samir Məmmədov və Fərid İnqilablı izahatında Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-inin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlətməsini və şöbənin iş rejimini pozmasını göstərmişlər; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuşdur. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 663 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs sol budun, boyunun, döş qəfəsinin arxa səthi nahiyəsində xəsarətlər aşkar edilmişdir və həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən ağacla vurulma zamanı əmələ gələ bilərdi; - Şəxs izahatında X9 ilə mübahisə etdiyini inkar etməmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən, saat 12:04-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar