Məhkəmə qərarları › İş №3(045)-1079/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1079/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1079/2023 04.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 01 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində CAB-nin baş əməliyyat müvəkkilləri Goranboy rayon Xanqərvənd kəndində xidməti ərazilərində olan zaman kəndin mərkəzində iki nəfər şəxsin uca səslə mübahisə edərək ünvanlıünvansız söyüşlər söyərək ictimai qaydanı pozduqlarını müşahidə etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onları nizam intizama dəvət etsələr də həmin şəxslər öz hərəkətlərinə davam edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmin şəxslərdən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Şəxs ilə kafeyə yemək yeməyə getmişlər. Onlar yemək-içməyin hesabını kimin tərəfindən ödənməsi barədə mübahisə etmişlər. Bu səbəbdən bir birilərinə nalayiq ifadələr işlətmişlər. Əməlindən çox peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində CAB-nin baş əməliyyat müvəkkili X5 ilə birlikdə Goranboy rayon Xanqərvənd kəndində xidməti ərazilərində olan zaman kəndin mərkəzində iki nəfər şəxsin uca səslə mübahisə edərək ünvanlı-ünvansız söyüşlər söyərək ictimai qaydanı pozduqlarını müşahidə etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onları nizam intizama dəvət etsələr də həmin şəxslər öz hərəkətlərinə davam edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Daha sonra həmin şəxsləri Goranboy RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Ağalarlı tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində CAB-nin baş əməliyyat müvəkkili X5 ilə birlikdə Goranboy rayon Xanqərvənd kəndində xidməti ərazilərində olan zaman kəndin mərkəzində iki nəfər şəxsin uca səslə mübahisə edərək ünvanlı-ünvansız söyüşlər söyərək ictimai qaydanı pozduqlarını müşahidə etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onları nizam intizama dəvət etsələr də həmin şəxslər öz hərəkətlərinə davam edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Daha sonra həmin şəxsləri Goranboy RPŞ-yə gətirib NH-yə təhvil vermişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İnzibati qaydada tutma haqqında” 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Mehdiyev X3 RPŞ-nin MSY-dən xx.xx.2023-cü il tarixdə saat 19:05də buraxılmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid ifadəsi, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü tarixdə Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində uca səslə nalayiq ifadələr işlədərək ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 01 dekabr 2023-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs 2 (iki) gün inzibati qaydada tutularaq saxlanıldığı müddət hesablanmaqla onun cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar