Məhkəmə qərarları › İş №3(045)-1096/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1096/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1096/2023 18.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonunun Dəmirçidam kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 15 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:40 radələrində Goranboy şəhəri, S.Civəzadə küçəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elvin Şərifov xx.xx.2023-cü il tarixdə raportla Şöbənin rəhbərliyinə müraciət edərək xx.xx.2023-cü ildə Goranboy rayonunda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli olan Gəncə şəhər sakini Şəxs Goranboy RPŞ-yə dəvət edildiyini, xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində Qaraşov X3 RPŞ-yə gəldiyi zaman sonuncunun RPŞ-nin qarşısındakı küçədə yüksək səslə ünvansız nalayiq ifadələr işlətdiyini və səs-küy salmağa başladığını, dəfələrlə Eldənizi nizam-intizama dəvət etsə də sonuncunun onun qanuni tələblərinə məhəl qoymayaraq öz qərəzli hərəkətlərinə davam etdiyini bildirmişdir. Daha sonra Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 15 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq olaraq bildirdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 17:00-da azad edilmişdir. Şəxs Goranboy RPŞ-nin inzibati binasına dəvət edilməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələblərinə zidd olmuşdur. Hadisənin əlavə şahidi və hadisənin videogörüntüsü yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Gəncə şəhəri ərazisində tullantı materiallarının qəbulu ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşı, sonradan adını bildiyi Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elvin Şərifov onun işlədiyi yerə yaxınlaşaraq onu Goranboy RPŞ-yə dəvət etmişdir. O, etiraz etmədən Elvin Şərifovla birlikdə Goranboy RPŞ-yə gəlmişdir. Goranboy RPŞ-də xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Lakin, o, Goranboy RPŞ-nin inzibati binasının qarşısında olan zaman nalayiq ifadələr işlətməmiş, uca səslə danışmamışdır. Ümumiyyətlə o, belə hərəkətlərə yol verməmişdir. İnzibati xəta haqqında protokolda göstərilənlər həqiqətə uyğun deyil. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə azad edilmişdir. Məhkəmə iclasında şahid Elvin Şərifovun dedikləri yalandır. O, xırda xuliqanlıq etməmiş, polisin bütün tələblərinə tabe olmuşdur. Onun polisin tələblərinə tabe olmamaq niyyəti olsaydı, o, Elvin Şərifovun təklifi ilə Goranboy RPş-yə getməzdi. Məhkəmə iclasında şahid Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı o, xx.xx.2023-cü il tarixdə Şəxs işlətdiyi, Gəncə şəhərində yerləşən tullantı qəbulu məntəqəsində olmuş və sonuncunu Goranboy RPŞ-yə dəvət etmişdir. Həmin vaxt Şəxs etiraz etmədən onunla birlikdə Goranboy RPŞ-yə gəlmişdir. Goranboy RPŞ-də olan zaman Şəxs səs-küy salmış və onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs oğurluq hadisəsində şübhəli olduğu üçün Goranboy RPŞ-yə dəvət olunmuşdur. Lakin, bununla bağlı Şəxs rəsmi qaydada çağırış vərəqəsi təqdim olunmamışdır. Hadisə baş verən zaman ətrafda kənar şəxslər olmamışdır. Hadisənin videogörüntüsü yoxdur. Şəxs Goranboy RPŞ-yə dəvət edilməsi CPM-in tələblərinə zidd olsa da, o, tədbiri bu tərzdə həyata keçirtmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elvin Şərifov tərəfindən şöbənin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü ildə Goranboy rayonunda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli olan Gəncə şəhər sakini Qaraşov X3 RPŞ-yə dəvət edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində Qaraşov X3 RPŞ-yə gəldiyi zaman o, RPŞ-nin qarşısındakı küçədə yüksək səslə ünvansız nalayiq ifadələr işlətməyə və səs-küy salmağa başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsə də, Şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq öz qərəzli hərəkətlərinə davam etməyə başlamışdır; xx.xx.2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 17:00-da azad edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin və şahidin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısındakı küçədə xırda xuliqanlıq etməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Məhkəmə ilk növbədə Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-yə şübhəli olduğu işlə bağlı çağırılmasına dair münasinbət bildirməyi zəruri hesab edir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İş üzrə müəyyən edildiyi kimi, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X1 Eldəniz Nazim oğlunu Goranboy RPŞ-yə dəvət etməsi ilə bağlı CPM-lə müəyyən edilmiş qaydada heç bir tədbir görməmiş, onun yaşadığı ünvana CPM-in 226.1-ci maddəsinin təlbələrinə uyğun olaraq çağırış vərəqəsi, teleqram göndərməmişdir. Belə ki, CPM-in 226.1-ci maddəsinə əsasən şahid, zərər çəkmiş, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşularından, mənzil istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağırılırlar. Onlar həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə çağırıla bilərlər. Nəzərə alınmalıdır ki, CPM-lə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Bundan başqa Goranboy RPŞ tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısındakı küçədə xırda xuliqanlıq etməsi və polisin qanuni tələbinə qəsdən tabe olmamasına dair mötəbər sübutlar təqdim olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hadisənin başqa şahidi olmamışdır və hadisənin videogörüntüsü mövcud deyildir. Hadisənin şahidinin olmaması isə Şəxs xırda xuliqanlıq etməsi, yəni yəni ictimai qaydanı pozmasını istisna edir. Bu halda nəzərə alınmalıdır ki, Goranboy RPŞ Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamasını məhz sonuncu tərəfindən xırda xuliqanlıq hərəkətlərinin dayandırılması tələbinə tabe olmamaqla əsaslandırmışdır. Şəxs isə xırda xuliqanlıq etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Məhkəmə nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 15 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar