Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-11/2024 19.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Goranboy rayonu, Hazırəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Bəşirabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X5 05 yanvar 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən MN seriyalı ******* nömrəli, 19 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə gəlini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Teymur Riquyanın saçından dartaraq bel nahiyəsinə vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayan X2 müraciəti əsasında toplanmış törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2703 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində Zərərçəkmiş şəxs döyməklə ona döş qəfəsinin arxa səthinin sıyrılmış yarası xəsarətini yetirməsi faktı öz təsdiqini tapmışdır. Həmin qərar əsasında Şəxs barəsində MN seriyalı ******* nömrəli, 19 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, oğlu Ruslan 2019-cu ildə Riquya ilə ailə həyatı qurmuş və onlar ailə qurduqdan sonra Rusiya Federasiyasına köçərək orada yaşamışlar. Riquya 2022-ci ildə yenidən Azərbaycana qayıdaraq onlarla birgə Goranboy rayonu Dəliməmmədli şəhərində yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Şükufə səhər saatlarında süd almaq məqsədi ilə yaşadıqları evin həyətinə gedən zaman Riquyanın əşyalarının giriş qapısının önündə hazır vəziyyətdə olmasını görmüş, qapıdan küçəyə çıxmış, bu zaman taksi sürücüsü onların evinin yerini soruşduqda o, taksi sürücüsünü geri qaytarmış və evə qayıdıb bu barədə ona demişdir. Bu səbəblə o, çölə çıxan zaman Riquyanın əşyalarını çöldə görmüş, onları içəri aparmaq üçün əşyaları götürdükdə Riquya qışqırmağa başlamış və o, qonşuların Riquyanın səsini eşitməməsi üçün onun geyinmiş olduğu jaketin boyun hissəsindən tutub içəri çəkən zaman Riquyanın saçı da onun əlinin altında olduğu üçün dartılmışdır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2019-cu ildə X9 ilə ailə həyatı qurmuş və onların birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Onların münasibətləri əvəllər normal olmuş, lakin ailə həyatı qurduqdan bir il müddətindən sonra münasibətləri pisləşmiş və onların arasında mütəmadi olaraq münbahisə və münaqişələr baş vemişdir. xx.xx.2023-cü il tarixdə o, əşyalarını toplayaraq anası Kəmalə Kərimovanın yaşadığı Gəncə şəhərinə getmək üçün taksi çağırmış, bu zaman qaynatası Teymur onu giriş qapısının qarşısında olduğunu və əşyalarının yığdığını gördükdə hara getməsini soruşmuş və o, qaynanasının onu evdən getməsini istədiyini və bu səbəbdən də anasının evinə getdiyini bildirdikdə qaynatası onun saçından tutmuş və itələyərək “heç yerə getməyəcəyini və qapını bağlayacağını” demiş, o isə içəri girmək istəmədiyi üçün belindən təpiklə vurmuş və onu həyətə itələmişdir. Bundan sonra o, qaynatasına polisə müraciət edəcəyini bildirdikdə onları özü aparacağını bildirərək onları özünə məxsus avtomaşınla anasının yaşadığı Gəncə şəhərinə gətirərək orda qoyub getmişdir. X1 şikayətçidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X5 xx.xx.2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 882 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthinin sıyrığı küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə təpiklə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur; X3 tərəfindən verilmiş 13 yanvar 2024-cü il tarixli, 1315/2024 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “İşemik kardiomiopatiya ÜQDÇ 3-cü funksional sinif” diaqnozları təyin edilərək xx.xx.2023-cü il tarixində “Tək-boşluq cihazının taxılması, nəbz cavabı göstərilib (İCD DR)” əməliyyatı icra edilmişdir; İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 882 nömrəli rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sıyrığı aşkar edilmişdir və həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi; - Şəxs izahatında Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və saçından dartdığını inkar etməmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-11/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-11/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver