Məhkəmə qərarları › İş №3(045)-1104/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1104/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1104/2023 22.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Xocalı RPŞ-nin nümayəndəsi Xocalı RPŞ-nin İTQ-nun polis sahə rəisi X7, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Tər-Tər rayonu, Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Rus-Borisi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin TQ-nin baş təhqiqatçısı X1 07 dekabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Xocalı RPŞ-nin İTQ-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X13 tərəfindən MN seriyalı ******* nömrəli, 22 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Rus-Borisi kəndində küçədə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xocalı RPŞ-nin İTQnin polis sahə rəisi X13 izahatında göstərdi ki, Goranboy rayonu Səfikürd kənd sakini Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/359 saylı material qeydiyyata alınaraq icrası Xocalı RPŞ-nin TQ-nin baş təhqiqatçısı X2 həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə material üzrə təhqiqatçı Əbülfəz Dünyamalıyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 22 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli biləməyərək izahatında göstərdi ki, Goranboy rayon Rus-Borisi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və X15 Təsərrüfatı Goranboy rayon Meşə İdarəsində meşə gözətçisi vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə, saat 19 radələrində Rus-Borisi kəndinə gedən zaman yolun ortasında avtomobil saxlanıldığını görmüşdür. Bu zaman yanında olan və avtomobili idarə edən Şakir Nəzərov avtomobilin yan pəncərəsindən başını çıxarıb maşınların kimə məxsus olduğunu soruşmuş və yoldan çıxarmalarını bildirmişdir. Aleksey Korobkin uca səslə yaxşı edib avtomobili yolun ortasında saxladığını bildirmiş, o da əsəbləşib avtomobildən yerə düşmüşdür. Avtomobildən yerə düşən zaman bir nəfər onu itələyərək yerə yıxmışdır. Lakin onu itələyən şəxsin kim olduğunu qaranlıq olduğu üçün görməmiş, daha sonra Şakir onu avtomobilə mindirib evinə aparmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, o, hadisə baş verən zaman sərxoş olmamış, bu faktı həkimin verdiyi rəy də təsdiq edir. Mübahisədən sonra dəfələrlə zərərçəkmiş şəxsin yanına barışıq əldə etmək üçün öz yaxınlarını göndərmiş, lakin sonuncu barışmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Goranboy rayon Səfikürd kəndind yaşayır. X11 bacısı X4 əridir və onlar Gəncə şəhərində yaşayırlar. xx.xx.2023-cü il tarixdə Aleksey Korobkin onların yaşadığı evə qonaq gəlmişdir. X5 Goranboy rayon Rus-Borisi kəndində yaşayan qardaşı Dimitri Korobkinin yanına getmək üçün ailə üzvləri ilə birlikdə həmin ünvana getmişdirlər. Axşam saat təxminən 19 radələrində Aleksey Korobkin getmək üçün küçədə olan avtomobilini işə salmışdır. Bir neçə dəqiqə sonra küçəyə çıxdıqda səs-küy olmasını eşitmiş, Aleksey Korobkinin yanına getdikdə sonradan adının Şəxs olduğunu bildiyi şəxsin mübahisə etməsini görmüşdür. Hadisə yerinə yaxınlaşan zaman həmin yerdə olan adını sonradan bildiyi Şakir adlı şəxs Şəxs sərxoş olmasını qeyd edib, uzaqlaşmalarını xahiş etmişdir. O, yeznəsi Aleksey Korobkinə yaxınlaşıb Müseyibin sərxoş olmasını və getmələrini dedikdə, Şəxs bunu eşidib hiddətlənmiş, yumruqla onun sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra onlar Xocalı RPŞ-yə həmin hadisənin baş verməsi barədə məlumat verməyə getmişlər. Şöbədə olan zaman məlum olmuşdur ki, Şəxs öz yaxınları ilə birlikdə onların evinə basqına gəlmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobili idarə edən şəxs Şəxs olmuş, onun sərxoş olması davranışlarından hiss olunurdu, buna görə onun yanında əyləşən dostu Şakir adlı şəxs sonuncunun içkili olduğunu, ona baş qoşmamasını və getmələrini bildirmişdir. Hadisə baş verən zaman ətrafa başqa insanlar da toplaşmışdır. Məhkəmə iclasında iştirak edən şahid X11 bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, qaynı Zərərçəkmiş şəxs yaşadığı evə qonaq gəlmişdir. Sonradan ailə üzvləri ilə birlikdə Goranboy rayon Rus-Borisi kəndində gəzmək məqsədilə getmişlər və qayıdan zaman həmin kənddə yaşayan qardaşı Dimitri Korobkinin yaşadığı evə dönmüşlər. Axşam saat təxminən 19 radələrində küçədə olan avtomobilini işə salmış və avtomatik olaraq avtomobilin yaxınvuran işıqları yanmışdır. Bir neçə dəqiqə sonra qırmızlı rəngli “VAZ 21011” minik markalı avtomobil onun yanında dayanmış və avtomobili idarə edən Şəxs onun avtomobilinin işiqlarının niyə yandığını və təhqiredici ifadələrlə söndürməsini demişdir. O da Şəxs yoluna davam etməsini bildirmişdir. Lakin buna baxmayaraq, Şəxs təkrar olaraq ona uca səslə “sənə dəmədim işiqları söndür” sözlərini demiş və o yenə də, sonuncuya heçnə deməmişdir. Bundan sonra avtomobildə əyləşən Şakir adlı şəx avtomobildən düşərək Müseyibin toydan gəlməsini, içkili olmasını demişdir. Həmin vaxt Şəxs avtomobildən düşərək onu yenidən təhqir etmiş və o da qarşılıq vermişdir. Daha sonra səs-küyə qaynı Zərərçəkmiş şəxs sakitləşdirmək üçün onların yaxınlaşdıqda isə Şəxs yumruqla onun gözündən və burun nahiyəsindən vurmuşdur. Hadisədən sonra onlar Xocalı RPŞ-yə məlumat vermişlər və sonradan həmin şəxslərin onların yaşadığı evə basqına və mübahisənin davam etdirməsinə gəldiklərini bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X3 iş üzrə digər şahid X6 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TQ-nun baş təhqiqatçısı X1 07 dekabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTQ-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X9 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 782 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol göz ətrafının və burun əsasının qançırları, burnun sol keçəcəyində qan kütləsi KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ayıq olmuşdur. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 782 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs sol göz ətrafının və burun əsasının qançırları, burnun sol keçəcəyində qan kütləsi aşkar edilmişdir və həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi; - şahidlər X11, X10 və X3 izahatında Şəxs Zərərçəkmiş şəxs sol göz ətrafının və burun nahiyəsindən vurmasını göstərmişdir; - Şəxs izahatında Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini inkar etməmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 dekabr 2023-cü il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Xocalı Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar