Məhkəmə qərarları › İş №3(045)-1106/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1106/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1106/2023 25.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Goranboy rayonunun Xınnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonunun Xınalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 dekabr 2023-cü il tarixdə Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Goranboy rayonu Xınalı kənd qəbirstanlığının ətrafına basdırılmış 150 ədəd dəmir boruları oğurlayaraq 450 manat ziyan vurmuşdur. Bununla da, barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 23 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Goranboy rayon Xınalı kənd sakini Şəxs həmin kənddə olan qəbiristanlığın ətrafına basdırılmış 2 metr uzunluğunda, ümumi dəyəri 450 manat təşkil edən təxminən 150 ədəd dəmir boruları oğurlamışdır. Göstərilən fakt üzrə Goranboy rayon X3 Bölməsinin təhqiqatçısı Hidayyət Cəfərov araşdırma aparmış və 22 dekabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmişdir. Həmin qərar əsasında X4 barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, gündəlik taksi fəaliyyəti ilə məşğul olur. O, işləmədiyinə görə mütəmadi olaraq pula ehtiyacı olmuşdur. Pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Goranbay rayon Xınalı kənd qəbiristanlığına getmiş, qəbiristanlığın ətrafına hasarlanmış dəmir torun dibinə basdırılmış armaturları çıxardaraq oğurlamaq və həmin armaturları satmaq qərarına gəlmişdir. Buna görə müxtəlif vaxtlarda dəmir armaturu yerindən çıxartmış və özünə məxsus olan “VAZ 2106” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə qoymuş və 440 manata metal qəbulu zavoduna satmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir. X6 ilə ailəli olmuş, həyat yoldaşı 2011-ci ildə vəfa etmiş və yaşadığı kəndin qəbiristanlığında dəfn edilmişdir. O, həyat yoldaşının vəfatından sonra mütəmadi olaraq həmin qəbiristanlığa getmiş, həyat yoldaşının məzarını ziyarət etmişdir. Sözügedən qəbiristanlıq 4 tərəfdən dəmir armaturla əhatə olunmuşdur. O, xx.xx.2023-cü il qonşu kənddə olan zaman qiyabi olaraq tanıdığı bir nəfər şəxs ona yaxınlaşmış və qəbiristanlığın əhatəsində olan dəmir armaturların oğurlandığını demişdir. Sonradan bir neçə tanışından bu barədə soruşduqda onlar da dəmir armaturların oğurlandığını demişdilər. O, xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində qəbiristanlığa getmiş və qəbiristanlığın ətrafında təxmini dəyəri 450 manat olan dəmir armaturların yerində olmadığını görmüş və bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. O, həmin armaturların sonradan tanıdığı Şəxs tərəfindən oğurlandığını bilmişdir. Oğurluq edən Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmiş və Şəxs bağışlamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Hidayyət Cəfərov tərəfindən toplanmış material üzrə cinayət təqdibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin icra edilməsi RPŞ-nin İTB-yə göndərilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı şikayət və tələbi yoxdur və Şəxs ilə barışmışdır; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, özünü İXM-in 227-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar