Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1147/2024 19.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə İXM-nin 253.2-ci maddəsinə əsasən onu 2000 manat cərimə etmişdir. Həmin qərarı 24 oktyabr 2024-cü il tarixdə Goranboy rayon İcra və Probasiya Şöbəsindən almışdır. Şikayəti onunla əsaslandırır ki, o Goranboy rayonu Düzqışlaq kəndində yaşayır. Mülkiyyətində olan həyətyanı sahəsinə texnika salmaq istəmişdir. Həmən vaxt görmüşdür ki, qonşusu X2 dibinə bir ədəd söyüd çubuğu əkmişdir. O, həyətinə texnika salanda qonşuları da həyətə çıxmışlar. O, texnikanı həyətinə salmaq üçün hasar olan setkanı açmış və setkanı açarkən baxmışdır ki, setkanın yanında yerə əkilmiş vəziyyətdə olan söyüd çubuğu texnikanın həyətimə keçməsinə maneçilik yaradır. O, qonşusundan soruşmuşdur ki, bu nə söyüd çubuğudu, qonşusu Yusif də ona bildirmişdir ki, xəbəri yoxdur. Yusifin anası isə ona (söyüdü Yusif əkib indi deyəcəm çıxarsın) demişdir. Yusif isə bildirmişdir ki, yaxşı edib əkmişdir çıxarmayacaqdır. Sonra traktorun sürücüsü görmüşdür ki, aralarında mübahisə var. Bu səbəbdən də sürücü çıxıb getmişdir. Həmin zaman o söyüd çubuğunu çıxarıb atmışdır. Bundan sonra onlar ona qarşı hədə qorxu gəlmişlər və 102 xidmətinə zəng etmişlər. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli - inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər və cərimə tətbiq edərək icra olunması üçün Goranboy rayon İcra şöbəsinə göndərmişlər. İcra Şöbəsi də 6 sentyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar çıxarmış və bu barədə ona SMS göndərsələr də bu mesajdan xəbəri olmamışdır. Telefonuna kontur vuranda mesaj gələndə bilmişdir ki, onun barəsində qərar tərtib olunmuşdur. O bu qərarın ləğv olunmasını istəyir. Ona görə ki, o öz məhləsinə texnika sala bilmir. Giriş-çıxış edə bilmir. Ona görə də qapının ağzındakı söyüd çubuğunu çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs və qərarından şikayət verilən səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş tədbir görülməsi üçün qərarın surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında 07 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Goranboy rayon polis şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq 10 saylı RETSİ-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-75/2-7686/2024 saylı məktuba və xx.xx.2024-cü il tarixli qərara əsasən diyametri 3 sm olan 1 ədəd söyüd ağacını kökündən çıxararaq məhv etmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Goranboy rayon polis şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq 10 saylı RETSİ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-75/2-7686/2024 saylı məktuba və xx.xx.2024-cü il tarixli Qərara əsasən diyametri 3 sm olan, 1 ədəd söyüd ağacını kökündən çıxararaq məhv etməsi faktına görə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 2000 manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, yaşıllıqların götürülməsi, köçürülməsi kimi hərəkətlər “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icazə əsasında həyata keçirilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X7 tərəfindən Goranboy rayonunun Ağamalıoğlu kəndində yolun kənarında 1 ədəd söyüd ağacının çıxarılmasını təsdiq edərək həmin fakt üzrə ağacın müvafiq rəy olmadan çıxarılmasını ərizəsində etiraf etmişdir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(045)-1147/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1147/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver