Məhkəmə qərarları › İş №3(045)-1200/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1200/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1200/2024 02.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 31 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Goranboy rayonu, Qızılhacılı qəsəbəsi xx.xx.2024-cü il tarixdə, saat 12:50-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlər vaxtında və tam yerinə yetirilməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində tərtib olunan protokolla razı deyildir. Belə ki, o, pensiyaçıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmamışdır. Bundan başqa, Gəncə Reklam İdarəsi tərəfindən ona heç bir yazılı göstəriş verilməmişdir. Gəncə Reklam İdarəsi tərəfindən onun barəsində bir dəfə də protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxılarkən o iştirak etməmiş və barəsində 1500 manat cərimə cəzası tətbiq edilmişdir. Həmin qərardan apellyasiya şikayəti vermiş və onun sahibkar olmadığı aydın olduğu üçün Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində olan iş üzrə icraata xitam verilmişdir. Barəsində hansı səbəbə yenidən protokol tərtib edilməsini bilmir. Göstərilənləri nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, iaşə obyekti olan “Yurd yeri”nə tay-tuşları ilə tez-tez çay içməyə gedir. Bir gün həmin şəxslərlə yenə “Yurd yeri”ndə olan zaman tanımadığı Reklam İdarəsinin əməkdaşları ora gəlmişlər və qorxulu bir şey olmadığını bildirərək ona xatırlamadığı vərəqə imza etdirmişlər. İaşə obyekti olan “Yurd yeri” restoranı “Vətən müharibəsi qəhrəmanı” Saleh Hüseynovundur və Zöhrab Həsənov tərəfindən restoran idarə olunur. Onun sözügedən restorana ümumiyyətlə bağlılığı olan bir şey yoxdur. Ona nə yazılı göstəriş, nə protokol tərtib olunması üçün bildiriş, nə də protokol yazıldıqdan sonra təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinə ünvanladığı ərizədən görünür ki, reklam yerləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsilə bağlı idarənin rəisindən xahiş etmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vegi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 4312 nömrəli aktdan görünür ki, Şəxs tərəfindən Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən “Yurd yeri” obyekti üzərində icazəsiz reklam yerləşdirilmişdir reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımlanmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli, 11-3-3/2-2009/2024 nömrəli yazılı göstərişdən görünür ki, açıq məkanda Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən “Yurd yeri” obyektində icazəsiz reklam yayımlanmışdır. Bununla bağlı 5 (beş) gün müddətində açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı icazə alınması xahiş olunmuşdur; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkildən görünür ki, “Yurd yeri” adlanan obyektdə açıq məkanda reklam yerləşdirmişdir; “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarılmış çıxarışdan görünür ki, Şəxs vergi orqanında uçota alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sahikarlıq fəaliyyəti ilə məşğul olmasını göstərən VÖEN-i olması göstərilsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində protokol tərtob edilmiş xx.xx.1956-cı ildə doğulmuş ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs vergi ödəyicisi deyildir. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən Şəxs şəxsiyyəti müəyyən olunmamaqla, qanunsuz reklam yerləşdirmiş şəxs, inzibati xəta törətmiş şəxs müəyyən olunmadan Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən xx.xx.1956-cı ildə doğulmuş ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1956-cı ildə doğulmuş ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 31 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xətalara dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar