Məhkəmə qərarları › İş №3(045)-1227/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1227/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1227/2024 04.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy Rayon Prokurorluğunun nümayəndəsi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1979-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də X6 filialının Goranboy şöbəsinin komunutasiya vı transmissiya şöbəsinin müdiri vəzifəsində işləyən, Goranboy rayonunun Qarasüleymanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Goranboy Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Prokurorluğundan Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 04 noyabr 2024-cü il tarixli qərar toplanmış materiallarla ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin qərardan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən Goranboy rayonu Səfikürd kəndi ərazisində abonentin evinə internet xətti çəkilən zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində xx.xx.2024-cü il tarixdə ehtiyatsızlıqdan "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Goranboy rayon Prokurorluğunun nümayəndəsi X3 qərarın məzmununa uyğun çıxış edərək Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 2006-cı ildən hazıradək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Hazırda həmin MMC-də X7 filialının Goranboy şöbəsinin komunutasiya və transmissiya şöbəsinin müdiri vəzifəsində işləyir. Belə ki, 15 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin Goranboy şöbəsinin baş mühəndis vəzifəsinə müvəqqəti olaraq təyinat almışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs ona zəng edərək xx.xx.2024-cü il tarixdə (yəni, həftənin cümə axşamı gün) guya onu Goranboy rayonu Səfikürd kəndi ərazisində seçki məntəqəsinin telefon xəttini düzəltməyə yollayan zaman yıxılaraq xəsarət almışdır. O isə cavab olaraq Həsənə onu heç yerə göndərmədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs tərəfindən barəsində rayon prokurorluğuna şikayət etdiyini öyrənmişdir. Həsən şikayətində 16 avqust 2024-cü il tarixdə abonentin evində yıxıldığını qeyd etsə də, sonuncu xx.xx.2024-cü il tarixdə ona etmiş telefon zəngində həmin gün seçki məntəqəsində yıxıldığını bildirmişdir. Yəni ki, sonuncu onun göstərişi ilə yox, həmkəndlisinin ona etmiş xahişi ilə Goranboy rayonu, Səfikürd kəndində yerləşən fərdi yaşayış evinə getmiş və orada internet xətti çəkmişdir. Bundan başqa Zərərçəkmiş şəxs həmin gün, yəni xx.xx.2024-cü il tarixdə rəsmi olaraq işdən icazəli olduğunu qeyd etməsinə baxmayaraq, işə davamiyyət jurnalında işdə olmasına dair imza atdığı görünür. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2018-ci il tarixdən bugünədək Goranboy şəhərində yerləşən "xxxx" MMC-də montyor vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə “Aztelekom" MMC-də baş mühəndis vəzifəsini müvəqqəti icra edən Şəxs yaxınlaşaraq 16.08 2024-cü il tarixdə doğum günü olduğunu və işə gəlməməyi ilə əlaqədar bundan əvvəlki baş mühəndisdən icazə aldığını bildirmişdir. Onun icazəli olmağına baxmayaraq xx.xx.2024-cü il tarixdə o, yaşadığı Goranboy rayonu, Səfikürd kəndi ərazisində Müşfiqi görmüş və sonuncu ona internet xətti çəkməyini tapşırmışdır. O, Müşfiqə icazəli olduğunu bildirməyinə baxmayaraq, sonuncu getməyəcəyi təqdirdə onu məzuniyyətə buraxmayacağını bildirmişdir. Belə olan halda məcburiyyət qarşısında qalıb Müşfiqlə razılaraq işə çıxmış və Müşfiqin göstərişi ilə Goranboy rayonu Səfikürd kəndində abonentin evində internet kabeli çəkilişənə getmişdir. Həmin vaxt kabel çəkərkən hündürlükdən yıxılaraq xəsarət almışdır. Buna baxmayaraq, işini başa vurub evinə getmişdir. Daha sonra onda ağrılar əmələ gəlmiş, bununla bağlı Şəxs müraciət etsə də, nəticə olmamış, o da məcbur qalıb rayon prokurorluğuna müraciət etmişdir. Yekunda Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, xx.xx.2024cü il tarixdə həmkəndlisi Zaur adlı həmkəndlisinin internet xətti çəkilişi ilə bağlı müraciəti olduğu üçün onun evinə getmiş və tapşırılmış işini bitirdikdən sonra, həmin gün Zaurun xahişi ilə onun bacısı Leylanın evinə də internet xətti çəkmək üçün sonuncunun həyətinə gəlmiş və xətti çəkmək istəyərkən, nərdivandan hündürlükdən yıxılaraq xəsarət almışdır. Bundan başqa Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəxs etdiyi telefon zəngində xx.xx.2024-cü il tarixdə seçki məntəqəsində yıxıldığını bildirsə də, rayon prokurorluğunda verdiyi izahatında xx.xx.2024-cü il tarixdə abonentə məxsus evdə yıxıldığını qeyd etmişdir. O, bu ziddiyyətli xüsusatlara hər hansı aydınlıq gətirə bilmədi. Məhkəmə iclasında iştirak edən Şahid3 bildirdi ki, Zərərçəkmiş şəxs "xxxx" MMCdə montyor vəzifəsində işləyir və onun tabeliyində olmuşdur.xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin X7 filialının Goranboy şöbəsinin baş mühəndis (müdiri) vəzifəsi müvəqqəti olaraq ona həvalə edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Həsən ona yaxınlaşaraq xx.xx.2024-cü il tarixdə ad günü olduğu üçün işə gəlməməsi ilə bağlı Müşfiq Namzovdan icazə aldığını və yazılı qaydada ərizə yazıb ona təqdim edəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs yazdığı ərizəni ona təqdim etmiş və o da ərizəni Şəxs vermişdir. xx.xx.2024-cü il tarixdə o, işdə olan zaman Zərərçəkmiş şəxs ona Şəxs göstərişi ilə xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndində abonentin evində internet xətti çəkən zaman yıxılaraq xəsarət aldığını bildirmişdir. Bundan başqa qeyd edir ki, onun tutduğu vəzifəsindən azad olunmasının əsas səbəbkarı Şəxs olmuşdur. Verilmiş suala cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs məhz hansı abonentin evində yıxıldığı barədə məlumatı yoxdur. Hadisənin təffərrüatı barədə məlumatı ona Həsən vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid4 bildirdi ki, "xxxx" MMC-nin X7 filialının Sağlamlıq Əməyin Təhlükəsizliyi X4 sektorunun mühəndisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs xəsarət alması barədə xx.xx.2024-cü il tarixdə məlumatı olmuşdur. Belə ki, o, işdə olan zaman Həsən ona yaxınlaşaraq xx.xx.2024-cü il tarixdə icazəli olduğu halda Şəxs ona Goranboy rayonu, Səfikürd kəndində hansısa abonentin evinə internet xətti çəkməsi ilə bağlı göstəriş vermiş, o da həmin abonentin evində internet xətti çəkən zaman nərdivandan yıxılaraq xəsarət aldığını bildirmişdir. Daha sonra o, Həsəni müayinə olunması üçün Goranboy Rayon Mərkəzi Xəstəxanasına yollamış və yoxlanış zamanı qabırğanın birində zədə, digər qabırğa sümüyündə isə şübhəli sınıq olduğu məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şahid X2 məhkəmə iclasında iştirak etməmiş, onunla telefon vasitəsilə əlaqə saxlanılan zaman ölkə hüdudlarından kənarda olduğu üçün iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Şahid2 məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Prokurorluğunda vermiş olduğu izahatının təsdiq edilməsini, səhəttində olan problemlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, hadisə ilə bağlı xəbərinin olmadığını qeyd etmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi əlamətlərinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs barəsində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 453 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) – sağ 8-ci qabırğanın yerdəyişən sınığı qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2024-cii il tarixdə hündürlükdən yıxılma zamanı əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzunmüddətə müvəqqəti poduğundan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir;; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli, 10/7231 nömrəli rəyindən görünür ki, Goranboy rayonu, Səfikürd kəndi ərazisində internet xəttinin çəkilməsi işinin aparılmasında işçi meydançası olmayan, üzərində dayanıb işlərin aparılması üçün nəzərdə tutulmamış nərdivandan istifadə olunduğuna görə, baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 10.7 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur, Goranboy rayonu, Səfikürd kəndi ərazisində internet xəttinin çəkilməsi işinin aparılmasında işçi meydançası olmayan, üzərində dayanıb işlərin aparılması üçün nəzərdə tutulmamış (yarusları arası keçmələr üçün istifadə olunan) nərdivanın istifadəsinə yol verildiyinə görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 10.7 bəndinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər), zərərçəkmiş Zərərçəkmiş şəxs müvafiq texniki tərkibli tədbirlər («Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinə uyğun) görülmədən hündürlükdə internet xəttinin çəkilməsi işinin görülməsinə cəlb edildiyini nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların tələblətinin pozulmasə halə müəyyən edilməmişdir; İşə davamiyyət jurnalından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə işdə olmasına dair jurnala imza atmışdır; Zərərçəkmiş şəxs X7 filialının Goranboy şöbəsinin baş mühəndisi vəzifəsini müvəqqəti icra edən Şəxs ünvanladığı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə Səfikürd kəndində 2-81-96 nömrəli telefonun sahibinin evinə surətli internet çəkərkən yıxılmış, yıxılmanın səbəbi “Gipon” lahiyyəsi üçün ayrılmış nərdivan evin qarşısında kı çardağa çatmadığı üçün altına kustar üsulu ilə hazırlanmış nərdivan söykəmişdir. Nərdivan sürüşmüş və o, yerə yıxılmışdır. xx.xx.2024-cü il tarixdə Goranboy rayon Mərkəzi Xəstəxanasında rentgen aparatında yoxlanmış və ona 2-ci qabırğa sınıq, 3-cü qabırğa zədə diaqnozu qoyulmuşdur. İzahatı özü oxumuş, heç bir əlavəsi yoxdur, doğruluğuna razıdır və izahat öz sözləri ilə yazılmışdır; Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş “hündürlükdə icra edilən işlərin təhlükəsizliyi üzrə” təlimatdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli, 13 nömrəli əmrlə təsdiqlənmiş, “hündürlükdə icra edilən işlərin təhlükəsizliyi üzrə təlimat”ı oxumuş, təlimatda qeyd olunanlara riayət edəcəyini bəyan edərək qəbul etmişdir; CD-diskən görünür ki, Zərərçəkmiş şəxs Şəxs mobil telefonuna zəng edərək, xx.xx.2024-cü il tarixdə seçki məntəqəsində internet xəttinin çəkilməsi ilə bağlı yıxıldığını bildirmişdir; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemidir; 43-cü maddəsinin 2-ci hissəsinin “ə)” yarımbəndinə əsasən işçinin əmək şəraitinin şərtləri- iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır; 54-cü maddəsinin 1-ci bəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir; 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir; 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini, normal əmək və istirahət rejiminə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini, kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini təmin etməlidirlər; 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər İXM-də nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. İXM-nin: 198.2-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsində bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemi nəzərdə tutulmalıdır. Məhz iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması işçinin əmək şəraitinin şərtlərinə daxildir. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir, həmçinin müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Qanunvericiliyin bu tələbləri Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edir. Bu tələblərin pozulması isə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İXM-in 198.3-cü maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə inzibati məsuliyyətin həll edilməsi zamanı əməyin mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Həmin inzibati xəta obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasında ifadə olunur. İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər məcmu halında mövcud olmalıdır:

1. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır;

2. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmalıdır;

3. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə az ağır zərər vurulması arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması İXM-in 198.3-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edir. Belə olduğu təqdirdə məhkəmə hazırkı işə münasibətdə hər üç şərtin mövcud olub-olmamasına aydınlıq gətirməyi zəruri hesab edir. Məhkəmə 1-ci şərtə, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulmasına dair qeyd edir ki, hazırkı iş üzrə əməyin mühafizəsi qaydası pozulmuşdur, yəni işçi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs hündürlükdə iş zamanı işçi meydançası olmayan, üzərində dayanıb işlərin aparılması üçün nəzərdə tutulmamış nərdivandan istifadə etdiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarınına riayət etməmişdir. Lakin, hazırkı iş üzrə yuxarıda qeyd edilən digər 2 şərtin mövcudluğu, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulmasının Zərərçəkmiş şəxs az ağır zərər vurulmasına birbaşa səbəb olması və bunlar arasında səbəbli əlaqənin olması istisna olunur. Belə ki, Zərərçəkmiş şəxs zərər məhz Goranboy rayonu Səfikürd kəndində yerləşən abonentin fərdi yaşayış evində internet xəttinin çəkilməsi zamanı vurulmuşdur və həmin hadisənin baş vermə səbəbi də məhz sonuncu tərəfindən fərdi qaydada abonentin evində internet xəttinin çəkilməsi olmuşdur. Yəni ki, sonuncu tərəfindən internet xəttinin məhz abonent Şahid2 yaşadığı fərdi yaşayış evinə çəkilməsi ilə bağlı hər hansı ərizə, şikayət və ya taprışıq əsasında görülmədiyi müəyyən olunmuşdur. (əsas: Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs arasında olan telefon danışığına dair səs yazısı və eyni zamanda Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahat) Göründüyü kimi hadisənin baş verməsinə səbəb texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması deyil, Zərərçəkmiş şəxs özünün fərdi qaydada (tələbdən kənar) abonentin evində internet xəttinin çəkilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi ilə bağlı olmasıdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İXM-in yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiqedilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, əməlində İXM-in 198.3-cü maddəsinin tərkibi olmadığından Şəxs barəsində həmin maddə ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə bağlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar