Məhkəmə qərarları › İş №3(045)-1248/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1248/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1248/2024 26.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri, V.Bayramov küçəsində yeni tikilmiş ona məxsus obyektin qarşısında yol kənarında mövcud olan bir ədəd xurma ağacı yaxın zamanlarda rayon ərazisində baş vermiş güclü külək nəticəsində əyilmiş və yarı kök hissəsi torpaqdan çıxmışdı. Həmin ağacın qurumaması üçün (ağacın keçmiş əkildiyi yerin altından qaz xətti keçir) texniki vasitələrdən istifadə edərək iki metr məsafədə əkib suvarmışdır. O, xurma ağacını yaxın məsafədə bərpa etdikdən sonra ətrafında küknar ağacları və güllük də salmışdır. Eyni zamanda əkdiyi digər ağaclarla birlikdə xurma ağacının da dibinə gübrə vermişdır. Yazılan bütün göstəriciləri şikayət ərizəsinə əlavə olunmuş fotoşəkillərdən də görmək mümkündür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən xurma ağacının yerinin dəyişdirilməsi səbəbindən araşdırma aparıldı və araşdırma nəticəsində barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, o da bununla razı deyildir. Belə ki, o sözügedən ağacı məhv etməmiş, əksinə məhv olunmaması üçün əlindən gələni etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X10 ağacın qurumasını, məhv olunmasını istəmişdirmi? Çünki o, məhkəməyə təqdim etdiyi sübutları da barəsində araşdırma aparılan zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim etmişdir. Hesab edir ki, o, heç bir qayda pozuntusu törətməmiş və ona tətbiq olunan inzibati tənbeh qeyri-qanunidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 şikayətin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Goranboy şəhəri, V.Bayramov küçəsində ona məxsus qeyri-yaşayış binasının qarşısında mövcud olan bir ədəd xurma ağacı baş vermiş güclü külək nəticəsində əyilmişdir. O, həmin ağacı texniki vasitələrdən istifadə edərək, çıxarmış və iki metr məsafədə əkib suvarmışdır. Eyni zamanda əkdiyi digər ağaclarla birlikdə xurma ağacının da dibinə gübrə vermişdır. Odur ki, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirərək şikayətin təmin edilməsini və inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, xurma ağacının yerinin dəyişdirilməsi ilə bağlı rəsmi olaraq hər hansı müraciəti olmamış və buna dair rəy almamışdır. O, ağacın yerinin dəyişdirilməsinin qanunla icazə alınmasından xəbəri olmamışdır. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 oğlu izahatında göstərdi ki, mübahisələndirilən qərar 15 noyabr 2024-cü il tarixdə qəbul edilmişdir. Belə ki, X8 tərəfindən Goranboy şəhəri, V.Bayramov küçəsində yeni tikilmiş obyektin qarşısında yol kənarında mövcud olan bir ədəd xurma ağacı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan köçürülmüşdür. Odur ki, inzibati xəta haqqında icraatın qanunvericiliyə uyğun aparıldığını və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş Ç-BMƏ4924-296 nömrəli, 15 noyabr 2024-cü il tarixli könüllü icra barədə bildirişdən görünür ki, fiziki şəxs barəsində qəbul edilmiş icrası məcbrui olan MN ******* saylı xx.xx.2024-cü il tarixli 1000 (bir min) manat məbləğində inzibati tənbeh vermə haqqında cərimə qərarı icra olunması üçün X6 göndərilmişdir; Fotoşəkillərdən 1 ədəd xurma ağacının yerinin dəyişdirildiyi görünür. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni: 253-1.2.1-ci maddəsinin müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; 253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir; 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: - dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; - “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; - şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; - ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; - texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; - ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, yaşıllıqların götürülməsi, köçürülməsi kimi hərəkətlər “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icazə əsasında həyata keçirilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X8 tərəfindən Goranboy şəhəri, V.Bayramov küçəsində yolun kənarında yerləşən 1 ədəd xurma ağacının köçürülməsini təsdiq edərək həmin fakt üzrə ağacın müvafiq rəy olmadan köçürülməsinin qanunla qadağan olmasından xəbərinin olmadığını etiraf etmişdir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar