Məhkəmə qərarları › İş №3(045)-1277/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1277/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1277/2024 22.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Goranboy rayonunun Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonunun Balakürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 25 oktyabr 2024-cü il tarixli qərarından və 22 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Goranboy rayonunun Balakürd kəndində sürücü Şəxs idarə etdiyi Motosikletlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tələbini pozmaqla X2 idarə etdiyi “VAZ 21063” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Motosikletin sürücüsü Şəxs yüngül dərəcəli bədən xəsarətləri almış və X2 idarə etdiyi “VAZ 21063” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Goranboy rayon Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbin qarşısında idarə etdiyi motoskletin idarəetmədən çıxmış və yolun kənarında dayanan “VAZ 21063” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfindən dəymiş, bu zaman onun idarə etdiyi muravey markalı motoskletin ön tərəfi ilə VAZ 21063 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilin sol qabaq qapı tərəfinin toqquşmuşdur. O, yol nəqliyyat hadisəsi zamanı sərxoş olmuşdur. Həmçinin sürücülük hüququ da yoxdur. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, o, VAZ- 21063 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə yol nəqliyat hadisəsi zamanı ona maddi ziyan dəymişdir və barəsində inzibati icraat aparılan şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 25 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkibi olduğundan onların barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır; Avto Servis tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, 53 nömrəli arayışdan görünür ki, X2 etibarnamə əsasında idarə etdiyi “VAZ 21063” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və avtomaşına dəymiş ziyan usta pulu ilə birlikdə 200 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsi və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olmasını müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar