Məhkəmə qərarları › İş №3(045)-133/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-133/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-133/2023 17.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonunun Qazıqumlaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis X3 təhqiqatçısı X2 11 fevral 2023-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 17 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 17 fevral 2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan qayınanası Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin İTB-yə göndərilmişdir. O həmin qərara əsaslanaraq Şəxs barəsində MN seriyalı ******* nömrəli, 17 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs hadisəni heç kimin görmədiyini, hadisınin otaqda baş verdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. Onun əri X5 ilə son zamanlar münasibətləri korlandığından ayrı yaşayırlar. Ramid Quliyevlə birgə nikahdan 2 övladı vardır. Hazırda uşaqları yaşadığı Gəncə şəhərində 25 nömrəli məktəbdə oxuyurlar. O, xx.xx.2023-cü il tarixdə uşaqlarının əri Ramid tərəfindən qaçırıldığını bilmişdir. Bu barədə də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Yekunda sözügedən məsələylə bağlı araşdırma Gəncə şəhər Kəpəz rayon polis şöbəsində olmuşdur. O, uşaqlarının məktəbdən qalmamaları üçün onları Goranboy rayon Dəliməmmədli şəhərindən götürməyi qərarlaşdırmışdır. O, 26 yanvar 2023-cü il tarixdə Goranboy rayon Dəliməmmədli şəhərinə gəlmiş, evə çatanda qayınanası Sədaqət “uşaqlar burda yoxdurlar Bakıdadılar” demiş, o da sonuncuya inanmayıb evə daxil olmuş və uşaqlarının evdə olduğunu görmüşdür. Qayınanası onu itələsə də o, uşaqlarını götürüb evdən çıxmışdır. Daha sonra isə qayınanası və qonşular uşaqlarını əlindən almışlar. O, Sədaqəti vurmamışdır. Sədaqət uşaqların əlindən tutub dartarkən arxaya yıxılaraq qapının tininə dəymişdir. O qaynanasına toxunmamışdır. Hadisə evin daxilində baş vermiş, hadisəni heç kim görməmişdir. Həmin gün o əri tərəfindən döyülmüşdür. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə yaşadığı Goranboy rayon Dəliməmmədli şəhərində yerləşən fərdi yaşayış evində olan zaman, bayırda kiminsə çağırdığını eşitmişdir. O, qapını açan zaman Şəxs içəri girmiş və onu təhqir edərək uşaqların harada olduğunu soruşmuşdur. Leyla daha sonra otağa daxil olaraq uşaqlara yaxınlaşmış, böyük qızını vurmuş və balaca qızının isə qolundan tutmuşdur. O, Leylaya yaxınlaşıb mane olmaq istəyən zaman Leyla onun boğazından tutumuş, başını aynaya vurmuşdur. Qeyd edilən hadisə evin xaricində baş vermişdir. Sonra o səs-küy salmış və səsinə qonşular gəlmişdir. Qonşular gəlib hadisədən xəbər tutan zaman Leylanın arxası ilə gedərək uşaqları sonuncunun əlindən almışlar. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, hadisəni şahidlər görmüşdür, lakin həmin şahidlər ifadələrini gəlib təsdiq edə bilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 45 nömrəli, 27 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlərin əl ilə vurma zamanı yetirilib-yetirilməməsi barədə və digər suallar üzrə aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) – ənsə nahiyəsinin hematoması bərk Küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə bərk küt predmetin tinli hissəsinin təsirindən (ayna və s) əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 46 nömrəli, 27 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol əlin arxa səthinin çoxsaylı kəsilmiş yaraları kəsici alətin o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şəraitdə şüşə ilə kəsilmə zamanı əmələ gələ bilərdi, əmələ gəlmə müddəti müayinıədən 3-4 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsas götürərək Şəxs Zərərçəkmiş şəxs döyməsini bildirsə də, bu halı ekspert rəyi ilə əsaslandırmışdır. Lakin ekspert rəyində Zərərçəkmiş şəxs həmin xəsarətləri özü-özünə yetirməsinin mümkün olub-olmaması, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlərin əl ilə vurma zamanı yetirilib-yetirilməməsi barədə heç bir məlumat əlavə edilməmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hadisə baş verən zaman qayanansının uşaqları onun əlindən alarkən arxa-arxaya yıxıldığını və qapının tininə dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs Şəxs ilə ədavətinin olmasını, buna görə də onun tərəfindən döyülməsini bildirməsi, Şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən başqa sübutun olmaması, zərəçəkmiş şəxsin vermiş olduğu ziddiyyətli ifadələr məhkəməyə Şəxs tərəfindən inzibati xətanın törədilmədiyi qənaətinə gəlməyə əsasə verir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 17 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xətalara dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar